Onu bağışlamaz şəhidlər – QARABAĞA QAYITMAQ İSTƏMƏYƏNLƏRƏ

  • By admin
  • 08 Yanvar 2021 14:05
Gununsesi.info Şair Səxavət Kəlbəcərlinin yeni şeirini təqdim edir:
Necə qayıtmayaq ulu dağlara?
O torpaq, o dağlar bizi gözləyir!
Əyilib öpməyə ocaq, daşını,
Köksünə sürünən dizi gözləyir!
Necə qayıtmayaq ulu dağlara?
Otuz il ah çəkib ağlamadıqmı?!
Köçəndə bir ovuc torpaq gətirib,
Onu Vətən deyib saxlamadıqmı?!
Necə qayıtmayaq ulu dağlara?
Orda xatirələr haraylar bizi!
İnan, bənd eyləyib saxlaya bilməz,
Burda qızıldan da saraylar bizi!
Gedim sularından içim doyunca,
Elə cadar olub dodağım, Vətən!
Qayadan süzülən bulaq səsini,
Tək bircə eşidə qulağım, Vətən!
O yol həm qürurlu, həm də qanlıdı,
Açdı yurdumuza yolu şəhidlər!
Kim ki, dönməyəcək ona yox sözüm,
Onu bağışlamaz ulu şəhidlər!
Sexavət Kəlbəcərli
Gununsesi.info