Onu bu hərəkətə vadar edən intellektdən uzaqlıq, kitabdan aralı düşməkdir -Şarif Ağayar Rəşad Dağlı haqqında yazdı

  • By admin
  • 09 Noyabr 2022 13:42

Heç nə insan öldürməyə bəraət qazandırmır. Hətta vətən, millət, azadlıq, namus adı ilə də öldrməyin doğru olmadığını düşünürəm. Söyüş üçün öldürmək isə, sadəcə, biabırçılıqdır. Rəşad Dağlı kimi çox istedadlı birini bu addımı atmağa vadar edən intellektdən uzaqlıq, kitabdan cüda düşmək, müasir mədəniyyətdən bixəbərlikdir. Lakin bu məsələdə onun ətrafının, düşdüyü mühitin də rolu böyükdür. Rəşad qəzəlxan kimi, şair kimi kütləyə lazım deyildi, ona yalnız düşük meyxanalarla boş qafaları danqıldatmaq üçün pul verirdilər. Bu zəka sahiblərinin kumirinə çevrilmək, yaxud birinciliyi əldə saxlamaq üçün hökmən sözü və yaradıcılığı başlı-bütünlü istisna edən kriminal avtoritet moduna girməlisən. Rəşad Dağlı da özünü mütləq belə aparmalı, yaxud belə biri olduğuna mütləq inandırmalı idi. Bu da axırı. Qəti şübhə eləmirəm ki,

Məryəmin tərtəmiz olduğnu bir Allahı bilib
Ona çox tənə gəlib Həzrəti-İsayə görə

beytini yazan adam kamerada tək qaldığı vaxt başını divara döyüb ağlayacaq. Bax, mən o başını divara döyüb ağlayan Rəşad Dağlını birinci özünün, ikinci qəddar ətrafının, üçüncü isə işləməyən Azərbaycan qanunlarının əlindən alıb elə adını zikr etdiyi o Allaha tapşırmaq istəyirəm. Günahından keçsin və onu qorusun.

Səbəb nə olur-olsun, istedadın qürubu kədərlidir.

Şərif Ağayar
Gununsesi.info