Onun həbsdə qalması ABŞ və Avropa üçün utancverici bir haldır - ASLAN İSMAYILOV SAAKAŞVİLİDƏN YAZDI

  • By admin
  • 05 Fevral 2022 00:37

Mixail Saakaşvilinin  komandasının əksər üzvlərini 1996-cı ildən şəxsən tanımışam və dəfələrlə cürbəcür tədbirlədə görüşüb, fikir mübadiləsi aparmışıq.

Mişa ilə münasibətlərimiz heç də hamar olmayıb. Hər dəfə Gürcüstanda yaşayan azərbaycanlılara qarşı ikili standartların olduğunu bildirmişəm.

Bütün bunlara baxmayaraq M.Saakaşvilini dövrümüzün böyük şəxsiyyəti sayıram. O, mənim gözümün qarşısında başdan ayağa korrupsiyaya, oğruluğa, narkomaniyaya qurşanmış bir cəmiyyətlə dünyada islahatları ilə tanınan, günü gündən çiçəklənən bir Gürcüstan qurdu. Ondan sonra gələn komandanın uzun illərdir bütün cəhdlərinə baxmayaraq onun qurduğu institutları hələ də tam məhv edə bilməyiblər. Bu gün də Gürcüstanda dünyaya nümunə ola biləcək səhiyyə, təhsil, vergi, gömrük xidmətləri və s. xidmətlər var.

Həyatını riskə atıb məhv olmasının, köhnə qaydalara qayıtmasının qarşısını almaq üçün gəldiyi Vətənində artıq 127 gündür ki, həbsdədir. Bu, tək qurduğu Gürcüstan dövləti, ağ günə çıxartdığı öz doğma həmvətənləri üçün deyil, həm də bütün dünyada haqq-ədaləti, qanunların aliliyini, demokratiyanı əlində bayraq edən ABŞ, Avropa və bütün dövlətlər üçün utancverici bir haldır, çünki M.Saakaşvili məhz bu dəyərləri elan edən dövlətlərə inanmışdı. Bu, həm də ümumiyyətlə insanlıq üçün bir ayıbdır. Bu, bir daha dahi Bəxtiyar Vahabzadənin “qorxuram ki, bir vaxt gələ, insanlar yaşaya, insanlıq ölə” sözlərinin reallaşdığı bir dövrdə yaşadığımızı göstərir.

Bu gün Mişanın şəklini baxıb onun zil qara saçlarının ağappaq olduğunu görəndə özümü də sanki baş verənlərdə günahım olduğu kimi hiss etdim və utandım. Məni son vaxtlar tez-tez qanuna yox, Allaha müraciət etməkdə ittiham edənlərə buradan bildirirəm ki, bu gün həqiqətən umidim və gümanım tək Ulu Yaradanadır!

Tezliklə ona azadlıq arzulayıram!

Aslan İsmayılov