
Nəhayət, OPEC-in maraqla gözlənilən Vyana iclasında neft hasilatının azaldılması ilə bağlı qərarın daha 9 ay uzadılması haqda razılıq əldə olunub.
Gununsesi.info xəbər verir ki, iclasın yekunlarına dair Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması qərarına Azərbaycan da qoşulub.
Dünya enerji bazarında neftin qiymətinin sabitləşdirilməsi istiqamətində təşəbbüslərə qoşulan ilk ölkələrdən biri kimi Azərbaycan da OPEC və qeyri-OPEC ölkələrinin növbəti bu anlaşmasına dəstəyini ifadə edib. Natiq Əliyev bildirib ki, Vyana sazişinin müddətinin uzadılmasının neftin qiymətinin 55-60 dollar civarında qərarlaşmasını təmin edəcəyi gözlənilir. ”Azərbaycanın neft hasilatının daha 9 ay azaldılması ilə bağlı öhdəliyi öz üzərinə götürməsi ölkənin maraqlarına tam uyğundur. Azərbaycan bu sazişin gələn ilin sonuna kimi davam etdirilməsində də heç bir problem görmür.”-deyə energetika naziri vurğulayıb.
Natiq Əliyevin sözlərinə görə, hasilatın əlavə həcmdə azaldılması ilə bağlı müzakirə aparılmayıb. Nazir onu da bildirib ki, növbəti belə bir görüş Vyanada 30 noyabr 2017-ci il tarixdə keçiriləcək.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. İlin birinci yarısı üçün bağlanmış neft hasilatının azaldılması üzrə hazırkı sazişin müddəti iyunun 30-da bitir.
Vüsalə Rüstəmova
Gununsesi.info