Operativ Qərargah jurnalist sorğusuna niyə bir ay sonra cavab verir?

  • By admin
  • 23 Dekabr 2020 20:02

Noyabın 24-də “Toplum Tv” Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha “İnformasiya sorğusu” göndərib. 

 

Sorğuda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdəki çıxışına da istinad edilib.
Həmin çıxışda bildirilir ki, dünya səviyyəsində qəbul olunmuş və sertifikasiya edilmiş koronavirusa qarşı  vaksinlərin ölkəyə gətirilməsi və tətbiq olunması istiqamətində məsələlər diqqətdə saxlanılır: “Burada dərin araşdırma aparmağa ehtiyac var, əks təsirləri olmayan və dünya səviyyəsində sertifikasiya olunan vaksinlər diqqətdə saxlanılacaq”.
“Belə olan halda, vaksinlə bağlı suallar meydana çıxır: Azərbaycan hansı vaksinə növbəyə durub? Vaksinlər hansı müddətə gətiriləcək? Bir neçə Avropa ölkəsi artıq hansı şirkətlə əməkdaşlıq edəcəyini, imzaladıqları müqavilələr də açıqlayıb. Azərbaycanda isə bu məsələ dəqiqləşməyib. Azərbaycan hansı şirkətlə müavilə bağlayıb və ya bağlayacaq?
Vaksinə nə qədər pul vəsaiti ayrılıb və ya ayrılacaq? Vaksin çıxandan sonra Azərbaycan vaksin müraciət etsə, o, nə vaxta ölkəyə gətiliriləcək? Dünya ölkələri artıq vaksin üçün növbəyə durub. Belə olan halda, Azərbaycan vaksin üçün gecikə bilərmi? Əhalinin kütləvi peyvəndləmə prosesinə hansısa hazırlıq görülürmü?”, – sorğuda qeyd olunub.
Qərargah tərəfindən göndərilən cavab məktubunda isə bütün suallar cavabsız qalıb.

Qərargaha göndərilmiş məktubda sualların “Jurnalist sorğusu” olduğu qeyd olunsa da, 24 noyabrda göndərilmiş sorğuya Nazirlər Kabineti az qala bir ay sonra – 21 dekabrda reaksiya verib.
“Sizin Аzərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qаrаrgаhа ünvanlanladığınız 24 noyabr 2020-ci il tarixli elektron müraciətinizə  Аzərbaycan Respublikası Nazirlər Kabinetinin 14.12.2020-ci il tarixli X/O № 20/N 1052 nömrəli dərkanarına əsasən Səhiyyə Nazirliyində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, müraciətinizdə irəli sürülmüş cavablar  Аzərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qаrаrgаhın növbəti brifinqlərində cavablandırılacaq” – cavab məktubunda belə yazılıb.
“Toplum TV” mövzuyla bağlı media eksperti Ələsgər Məmmədli ilə danışıb.

O bildirib ki, Nazirlər Kabineti jurnalist sorğusu ilə bağlı məsələdə qanunvericiliyin tələblərini pozub.
Ə. Məmmədli deyib ki, “KİV haqqında” Qanuna görə, kütləvi informasiya vasitəsi əməkdaşlarının sorğularına dərhal, mümkün olmadıqda 24 saat ərzində cavab verilməlidir: “Əvvəla, Operativ Qərargah Azərbaycandan mövcud olan 2 qanunvericiliyin açıq şəkildə pozulması ilə cavab göndərib: “İkinci önəmli məqam, budur ki, məsələyə  vətəndaşların informasiya sorğusuna baxılması çərçivəsində baxılsaydı belə, bu, “İnformasiya əldə etmək haqqında” Qanununun tələblərinə uyğun olmalı idi. Bu qanuna görə sorğular daxil olduqdan etibarən 7 iş günü ərzində cavablandırılır”.
“Aydın şəkildə görünür ki, Operativ Qərargaha sorğu 24 noyabrda göndərilib və onlar 14 dekabrda yəni 20 gün sonra baxıblar. 21 dekabrda – 27 gün sonra isə sizə cavab göndərilib. Sorğuya 20 gün sonra baxılması konkret olaraq qanun pozuntusudur. Üçüncü önəmli məqam: sorğuda tələb olunan məlumatlar onlarda mövcudkən bunu sizə cavab olaraq yox, gələcəkdə keçiriləcək brifinqlərdə cavablandıracaqlarını yazmaqla, yenə də “İnformasiya əldə etmək haqqında” Qanunun – informasiya sahibinin vəzifələrinin pozulmasına yol veriblər. Yəni əllərində və onların səlahiyyətində olan məlumatı informasiya sorğusunda verməyiblər. Beləliklə, açıq informasiya üzərində məhdudiyyət qoyublar. Nazirlər Kabineti yanında Operativ Qərargah, o cümlədən Nazirlər Kabineti buna görə hüquqi məsuliyyət daşıyırlar” – hüquqşünas  belə deyib.
Onun fikrincə, jurnalistlər bu kimi hallarla üzləşdikləri zaman 2 hüquqi addım ata bilərlər: “Məlumatları olduğu kimi Ombudsmana göndərərək informasiya sahibi kimi qurumların qanunvericiliyə uyğun hərəkət etmədiyini, informasiyanı təmin etmək öhdəliyinin onların üzərinə qoyulmasını və inzibati protokolun tərtib olunmasını tələb edə bilərlər.
İkincisi, birbaşa inzibati məhkəməyə də müraciət edə və qanunvericiliyin tələbləri pozulduğuna görə müvafiq strukturların cəzalandırılmasını tələb edə bilərlər”.