Oqtay Əsədov: “Bu Azərbaycana qarşı ilk sanksiya deyil” - MİLLİ MƏCLİSDƏ AŞ PA-NIN SƏMƏD SEYİDOVLA BAĞLI QƏRARI MÜZAKİRƏ EDİLDİ

  • By admin
  • 18 May 2018 13:13

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Gununsesi.info-nun xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda cari məsələlərin müzakirəsi zamanı Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidova qarşı sanksiya qərarını verməsi müzakirə olunub.

Deputat Fəzail İbrahimli öncə Qüdsdə baş verənlərə diqqət çəkdi. “Dünya hüququn yox, gücün yedəyində gedir”-deyən deputat qonşu ölkələrdəki gərginliklərə diqqət çəkdi. Bildirdi ki, bölgədə sabit həyatını yaşayan bir ölkə var, o da Azərbaycandır. F.İbrahimli ardınca AŞ PA-da baş verənlərdən, deputat həmkarı Səməd Seyidovun hədəf seçilməsindən bəhs etdi. Bildirdi ki, S.Seyidov avropalılarla Avropanın öz dilində danışırdı. “Ümid edirəm ki, bundan sonra bizim nümayəndə heyətimiz daha mübariz olacaq, Səməd Seyidov daha prinsipial və daha ardıcıl fəaliyyət göstərəcək”-F.İbrahimli əlavə etdi.

“AŞ PA-dakı anti-azərbaycan dairələrin bu cür qərarları heç bir nəticə verməyəcək”. Bunu deputat Sahibə Qafarova bildirdi.

Deputa Əli Hüseynli bildirdi ki, AŞ PA-dakı nümayəndə heyəti daim milli maraqlardan çıxış edib, Dağlıq Qarabağ məsələsini daim diqqətdə saxlamaq və Ermənistanı ifşa etməkdən ibarət olub. Səməd Seyidovun korrupsiya məsələlərində heç bir iştirakı olmayıb. Amma sonda ona qarşı sanksiya qərarı qəbul olundu. Səməd Seyidov qanunsuz cəzalandırılıb, heç bir günahı olmadan. Bu, AŞ PA-ya başucalığı gətirmir. Azərbaycan nümayəndə heyəti bundan sonra da fəal şəkildə mübarizə aparacaq”.

Spiker Oqtay Əsədov dedi ki, bu, Azərbaycana qarşı ilk sankiya deyil: “Bundan əvvəl Avropa Şurasının alt komitələrinin iclaslarının iki il ərzində Azərbaycanda keçirilməməsi barədə də sanksiya qəbul olunmuşdu. Bir il sonra özləri peşman oldular. Dedilər gələk, iclaslarımızı keçirək. Mən dedim ki, yox, ehtiyac yoxdur, bizə qaşı sanksiya qərarınız var. Hansı ki, özlərinin də büdcəsi yox idi. İndi belə bir qərar qəbul edilib. Qərar ondan ibarətdir ki, Səməd Seyidova seçkili orqanlara seçilmək icazəsi verilməyəcək. Heç iştirak etməsin. Nə var burda? Səməd Seyidov bizim mübariz deputatımızdır, öz fəaliyyətini bir az da gücləndirəcək. Azərbaycanda bəzi “vətənpərvər”lər bu məsələni əldə bayraq ediblər. Qəzetlər, saytlar bütün günü bundan yazır. Təbii ki, bu, ədalətsiz qərardır. Deyirlər ki, guya bu sanksiya ilkdir. Belə deyil, bir dəfə də sanskiya qoyulmuşdu”.

Onun sözlərinə görə, son günlərdə özlərini bəzi “vətənpərvər” hesab edənlər AŞ-nin bu qərarını Azərbaycana qarşı ilk sanksiya hesab edir. “Spiker xatırladıb ki, bu qərara əsasən, iki il Azərbaycanda heç bir tədbirin keçirilməməsi nəzərdə tutulmuşdu, amma 1 il sonra peşman oldular: “Qurumun iki alt komitəsinin iclası Bakıda keçirilməli idi. Maddi imkanları yox idi. Xahiş etdilər ki, bəlkə iclası keçirək, mən də razılaşmadım. Dedim ki, biz sanskiya tətbiq olunan müddətdə iclas keçirə bilmərik. Üç il sonra isə bütün komitə iclaslarını Azərbaycanda keçirdilər”.”-deyə O.Əsədov bildirib.

Spiker əlavə edib ki, Seyidov bundan sonra da AŞPA-da daha aktiv və mübariz formada fəaliyyətini davam etdirəcək: “Onların bu sanksiyaları nəticə verməyəcək. Odur ki, Səməd müəllim bundan sonra da daha fəal formada AŞPA-da fəaliyyətinizi davam etdirəcəksiniz. Səməd, narahat olma. Sən daha da möhkəm, daha da mübariz ol”.”.

Deputatlar sədrin bu fikirlərini alqışlarla qarşıladılar.

Deputat Zahid Oruc dedi ki, bu, Azərbaycana qarşı total hücum deyil, ayrı-ayrı şəbəkələrin fəaliyyətinin nəticəsidir.

Deputat Aydın Mirzəzadə də S.Seyidova qarşı ədalətsizliyin yol verildiyini bildirdi. O dedi ki, sabah AŞ PA-dakı digər nümayəndələrimizə qaı da bənzər sanksiya qərarı verilə bilər, bu, təəccüblü deyil: “Bu, Azərbaycan üçün növbəti sınaqdır”.
Deputat Asim Mollazadə son vaxtlar Avropada “Səlib yürüşü” prosesinə start verilib: “Avropa Şurasının araşdırma komissiyası yazır ki, Səməd Seyidovun heç bir günahı yoxdur, amma sonda onu cəzalandırırlar. Səməd Seyidovun günahı var. Türkiyəni müdafiə etməsinə, Serj Sərksiyana qarşı sərt mövqe nümayiş etdirməsidir onun günahı”. A.Mollazadə dedi ki, informasiya müharibəsi gedir, Azərbaycan və Türkiyə hədəfdədir.