Orbanın Türkiyə etirafı böyük əks-səda yaratdı

  • By admin
  • 19 Dekabr 2023 11:31

Macarıstanın baş naziri Viktor Orbanın prezident Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi ifadə böyük əks-səda yaradıb.

Gununsesi.info xəbər verir ki, Orbanın “Türkiyəsiz Macarıstanın təhlükəsizliyi yoxdur. Macarıstanı təhdid edən miqrasiya təhlükəsi Türkiyəsiz dayandırıla bilməz” etirafı görüşdə dərin iz buraxıb.

Macarıstanın baş naziri ölkəsi ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrin əhəmiyyətinə işarə edərək deyib: “Bu gün biz münasibətlərimizi hərtərəfli strateji əməkdaşlığa yüksəltmişik. Bilmirəm, bundan yüksək bir şey varmı. Diplomatik dillə desək, dostluq və qardaşlıq baxımından ən güclüsü budur”.

Türkiyənin gələcək əsr üçün irəli sürdüyü layihələrin əhəmiyyətinə toxunan Orban prezident Ərdoğana deyib:

“Növbəti əsr üçün çox böyük bir layihə irəli sürmüsünüz. Gələn əsr sizin olacaq. Biz buna inandıq və müqavilələr bağladıq”.

Orban ötən əsri itirən macarların bu əsrdə qalib gəlmək istədiklərini və birlikdə qalib gəlmək üçün müttəfiqlər axtardıqlarını bildirib. Rəsmi olaraq 21-ci dəfə görüşdüklərini ifadə edən Orban iki ölkə arasında ticarət həcminin iki dəfə artdığını, Türkiyədən Macarıstana investisiyaların artdığını vurğulayıb. Orban xüsusilə dəmir yolunun inkişafı və müdafiə sənayesi sahəsində mühüm layihələr həyata keçirdiklərini bildirib.

Gununsesi.info