“Ordumuz erməni faşizminin son tör-töküntülərini də zərərsizləşdirməkdədir” Vahid Əhmədov

Vahid Əhmədov: “Ordumuz erməni faşizminin son tör-töküntülərini də zərərsizləşdirməkdədir”

“Türkiyənin Azərbaycana mənəvi-diplomatik dəstəyi davam edir və bu dəstək əbədidir”

 

Sentyabrın 19-dan etibarən Azərbaycan Ordusu Qarabağdakı separatçılara qarşı anti-terror tədbirlərinə start verib.

 

Gununsesi.info olaraq millət vəkili Vahid Əhmədovla söhbətimizdə anti-terror tədbirləri və baş verənlər fonunda yaşanan olayları şərh etməyə çalışdıq:

 

-Vahid müəllim, dünəndən etibarən Qarabağda anti-terror tədbirlərinə başlanılıb. Sizcə bu tədbirləri zəruri edən nədir?

 

-Qarabağda anti-terror tədbirlərinin keçirilməsi gözlənilən idi və bunu zəruri edən xeyli səbəb mövcuddur. Bunlardan biri ermənilərin davamlı şəkildə terror və təxribatlar törətməsi, mülki və hərbi vətəndaşlarımızı hədəf alması idi.

 

Ermənilərin davam edən mina terroru, Xankəndidə keçirilən qurama seçkilər, hərbi müstəvi ilə yanaşı, həm də siyasi platformada həyata keçirilən təxribatlar bunu zəruri edirdi. Bu, həm də Azərbaycan cəmiyyətindən irəli gələn sosial tələb idi və nəticədə bu tələb, bu gözlənti reallaşdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuz dünəndən etibarən anti-terror tədbirləinə start verdi ki, bunun da ilkin nəticələri ortadadır. Separatçılara məxsus onlarla mövqe, çoxlu silah-sursat ələ keçirilib, düşmənin çoxsaylı artilleriya qurğuları sıradan çıxarılıb. Hər şey hərbçilərimizin nəzarəti altındadır və ordumuzun birmənalı üstünlüyü davam edir.

 

-Anti-terror əməliyaytlarının davam etdiyi bir zamanda BMT-də çıxış edən Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Azərbaycanın maraqlarını müdafiə etdi, ölkəmizin haqq işini dəsətklədi. Sizcə beynəlxalq platformada qardaş Türkiyənin ölkəmizə verdiyi bu dəstək nə dərəcədə önəmlidir?

 

-Türkiyənin istər 44 günlük Vətən müharibəsində, istərsə də indiki dönəmdə ölkəmizə verdiyi dəstəyin bizim üçün son dərəcə böyük əhəmiyyəti mövcuddur. Bildiyiniz kimi, anti-terror əməliyyatlarının başlaması ilə Ermənistan, eləcə də dünyadakı erməni lobbisi, habelə ermənipərəst qüvvələr dünya miqyasında geniş təbliğat işi aparır, ordumuzu ləkələməyə, anti-terror tədbirlərinin məqsədi ilə bağlı yanlış rəy formalaşdırmağa çalışırlar. Ordumuzun guya mülki insanlara, təcili yardım avtomobillərinə atəş açdığı, heç kimə rəhm göstərmədiyi, yaşayış məntəqələrini bombaladığı ilə bağlı yalanlar tirajlanır ki, bütün bunlarda məqsəd Azərbaycanı beynəlxalq təzyiqlə üz-üzə qoymaqdır. Məhz belə bir anda Türkiyə prezidentinin BMT kimi mötəbər bir təşkilatın tribunasından Azərbaycanın haqq işini müdafiə etməsi, anti-terroir tədbirlərinin mahiyyətinə aydınlıq gətirməsi olduqca önəmlidir. Cənab Ərdoğanın Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı, bu çıxışda səsləndirdiyi fikirlər haqq səsimizin dünyaya çatdırılması, erməni yalanlarının ifşa edilməsi deməkdir. Bu baxımdan da qardaş Türkiyə Respublikasına, onun prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğana öz təşəkkürümü bildirirəm.

 

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ölkəmizə verdiyi dəstəyə görə Ərdoğana öz təşəkkürünü bildirdi. Habelə, Ali Baş Komandan qeyd etdi ki, hər iki qardaş xalq daim bir-birinin yanında olub və bundan sonra da belə olacaq.

 

Bütün bunlar bir daha onu göstərir ki, türk dünyasının bu cür tarixi anlarda bir-birlərinə dəstək verməsi həyati əhəmiyyətə malikdir və bu ənənə hər zaman davam etdirlməlidir.

 

-Vahid müəllim, sizcə lokal anti-terror tədbirləri nə vaxta qədər davam edəcək?

 

-Prezident İlham Əliyev açıqlamasında anti-terror əməliyyatının vaxtı ilə bağlı məsələyə də toxunub və açıq şəkildə bəyan edib ki, separatçıalr təslim olarsa, silahı yerə qoyarsa, o zaman anti-terror tədbiri də dayandırılacaq. Başqa sözlə desək, anti-terror tədbirləri separatçıların müqavimət göstərdiyi günə qədər davam etdiriləcək. Əslində anti-terror əməliyyatında da məqsəd bölgədə separatizmə son qoymaq, Qarabağdakı qanunsuz silahlı birləşmələri tərk-silah etməkdir.

 

Artıq tədbirlərin gedişatından da göründüyü kimi, ordumuz separatçılara məxsus bir çox mövqeyi ələ keçirib, onu artilleriya dəstəyindən əsaslı şəkildə məhrum edib. Hesab edirəm ki, yaxın vaxtlarda anti-terror tədbirləri tam yekunlaşacaq və Qarabağın hər yerində dövlətimizin faktiki nəzarəti təmin olunacaq.

 

Mən Müzəffər Ali baş Komandanımıza, ordumuza bu müqəddəs işdə uğurlar arzulayır, şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm.

 

Gununsesi.info