Bu gündən qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Samvel Şahramanyanın Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejimin ləğvi ilə bağlı ötən il sentyabrın 28-də imzaladığı “fərman” qüvvəyə minib. Həmin sənədə əsasən, 2024-cü il yanvarın 1-dən qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkibindəki bütün dövlət qurumları, təşkilatları ləğv edilib və qondarma rejim fəaliyyətini dayandırıb.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, əslində, sənədi Şahramanyan imzalasa da, bu, rəsmi Bakının atdığı addımların məntiqi nəticəsi, Azərbaycan diplomatiyasının və ordusunun uğuru idi.
Məsələ burasındadır ki, ötən il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyimiz tam təmin olundu, tarixi torpaqlarımız olan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları separatçılardan tamamilə təmizləndi. Bununla da Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ərazisində separatizmə son qoyuldu. S.Şahramanyan da başa düşmüşdü ki, onun “fərman”ından 8 gün əvvəl Azərbaycan Ordusu faktiki olaraq separatçı rejimin mövcudluğunu ləğv edib. Odur ki, “Qarabağ prezidenti”nin “fərman”ı Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil. Rəsmi Bakı bu dəfə də öz işini özü gördü.
Separatçı rejimin ləğvi, ilk növbədə, gündəlikdəki sülh müqaviləsi prosesinə təkan verdi. Çünki indiyədək məhz Qarabağdakı separatçılar Ermənistanla Azərbaycan arasında qarşılıqlı etimad mühitinin yaranmasının qarşısını alır, belə demək mümkünsə, təkərə çomaq soxurdular. Təsadüfi deyil ki, məhz birgünlük antiterror tədbirlərindən sonra rəsmi İrəvan sülh müqaviləsi ilə bağlı daha loyal və intensiv bəyanatlar verməyə başladı. Yəni qondarma rejimin ləğvi əslində sülh, regional əməkdaşlıq istiqamətində ciddi bir əngəlin aradan götürülməsi demək idi.
Qondarma rejimin mövcudluğunun ləğvi həm də Ermənistanın keçmiş prezidentləri, eyni zamanda bir müddət separatçılara rəhbərlik etmiş Robert Köçəryanın, Serj Sarkisyanın da məğlub edilməsi, tarixin zibilliyinə göndərilməsi deməkdir. Onlar uzun illər Azərbaycana qarşı bir çox cinayətlər törədiblər. Təlxəkliklərindən əl çəkməyən bu iki üzdəniraq Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra da ölkəmizə qarşı revanşist bəyanatlar səsləndiriblər. Bəlkə də xülyalarla, yersiz və ədalətsiz ambisiyaları yerə-göyə sığmayan belə “siyasətçi”lər Ermənistana rəhbərlik etməsəydi, ölkələri bugünkü duruma düşməzdi. Azərbaycanla sülh müqaviləsi çoxdan imzalanar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmaz, regional əməkdaşlıq təmin olunardı. Sadalanan faktlar həm də onu sübut edir ki, qondarman rejimin “ağsaqqalları” hesab olunan Köçəryan və Sarkisyan əslində erməni xalqının da düşmənidirlər.
Şahramanyanın fərmanı Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil. Çünki biz qondarma rejimi və onun terrorçu başçılarını heç vaxt tanımamışıq. Amma bu sənəd və separatçı rejimin bu gündən tam şəkildə ləğv edilməsi Ermənistan hakimiyyəti, xüsusilə daxildəki revanşist əhval-ruhiyyəli şəxslər və “Qarabağ kartı”ndan Azərbaycana qarşı istifadə etməyə çalışan üçüncü güclər üçün mühüm əhəmiyyətlidir. Çünki bu qərar məğlubiyyətin etirafıdır.
Dünən fərman verən separatçılar bu gün can vermək istəmirlərsə, manevr siyasətindən uzaq durmalı, məntiqli və soyuqqanlı davranmalıdırlar. Çünki bundan sonra istənilən manevr, vurnuxmaq cəhdi bumeranq effekti verəcək. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın ləğvi barədə qərarın qüvvəyə minməsi İrəvanla Bakı arasında normallaşma əlaqələri və sülh sazişi üçün yeni imkanlar aça bilər.
Hə, bir də unutmasınlar ki, Azərbaycan Ordusu Ali Baş Komandanın İkinci Qrabağ müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində olduğu kimi, istənilən əmrini hər zaman yerinə yetirmək əzmində və qüdrətindədir.