Ordumuzun bu gün zərərsizləşdirdiyi Ermənistana məxsus PUA-nın istehsalçısı məlum olub - FOTOLAR

  • By admin
  • 02 Sentyabr 2023 21:26

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən aşkar edilərək, xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatının (PUA) istehsalçısı məlum olub.

Gununsesi.info xəbər verir ki, aparat əsasən müasir kartoqrafik həllər təqdim edən ABŞ şirkəti “Micro Aerial Projects” tərəfindən hazırlanıb.

İstehsalçının rəsmi səhifəsində PUA-ların sırf mülki və elmi məqsədlər üçün nəzərdə tutulduğu bildirilir. Bu isə o deməkdir ki, erməni tərəfi sadə və ucuz cihazları alaraq onlara kustar üsulla hazırlanmış hərbi vasitələr əlavə edir.

Əlbəttə ki, ermənilərin bu addımı ancaq gülüş doğurur. Belə ki, dünya hərb sənayesinin ən qabaqcıl vasitələrilə təchiz olunan Azərbaycan Ordusuna qarşı qeyri-peşəkar “silahlar” tətbiq etmək ən azından uğursuzluğun təminatı sayılmalıdır.

Burada ABŞ şirkətinin də məsuliyyətini dərk etməsi gərəkdir. Belə ki, hər bir istehsalçı öz məhsullarının kimlərə satıldığı və sonradan necə istifadə edildiyini izləməli, buna görə məsuliyyət daşımalıdır.

Gununsesi.info