Çinin Nankin şəhərində “Dünya radar sərgisi 2021” işə başlayıb.
Gununsesi.info “AzərTAC”a istinadən xəbər verir ki, sərgidə əsas diqqət mərkəzində olan avadanlıq pilotsuz uçuş aparatlarına (PUA) qarşı nəzərdə tutulan radar texnologiyası olub.
Çin Mərkəzi Televiziyasının CGTN kanalının internet səhifəsində həmin sərgiyə dair məqalədə qeyd olunur ki, ötən ilin payızında Qarabağ müharibəsində PUA-ların kütləvi istifadəsi bir çox ölkənin öz ordusunu PUA və dronlardan müdafiə qurğularına, o cümlədən PUA əleyhinə radarlarla təchiz etməyə sövq edib. Elə Nankin sərgisində nümayiş olunan texnika və avadanlıq da bunu göstərir. Bu avadanlıq arasında “Çin elektronik texnologiya korporasiyası” (CETC) dövlət şirkətinin hazırladığı “YLC-48” daşınan çoxməqsədli kəşfiyyat radarı və “3D TWA” aşağı hündürlüklü müşahidə radarları da var.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində ən müasir silahlar da daxil olmaqla hərbi texnikadan yüksək peşəkarlıqla istifadə edərək, düşmənə sarsıdıcı zərbələr vurması və nəticədə onu kapitulyasiyaya məcbur etməsi müxtəlif ölkələrin ordularının, nüfuzlu hərbi araşdırma qurumlarının, müdafiə sənayesi şirkətlərinin diqqətini çəkib. Belə bir ümumi rəy var ki, Qarabağ savaşında Azərbaycan XXI əsrin müharibəsinin necə olduğunu dünyaya nümayiş etdirib. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.
Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində olarkən ordumuzun uğurlu əməliyyatları barədə deyib: “Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib”.
Gununsesi.info