İrəvanın yuxusunu ərşə çəkilib - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 23 Avqust 2017 14:48

murteza bunyadli

Azərbaycanın öz müdafiə qabiliyyətini gücləndirmək, ordunu döyüş hazırlığı vəziyyətində saxlamaq məqsədi ilə mütəmadi hərbi təlimlər keçirməsi, eyni zamanda Silahlı Qüvvələrini müasir hərbi texnika ilə təmin etməsi İrəvanı ciddi narahat etməyə başlayıb. Ermənistanın yuxusuna haram qatan daha çox son illərdə Naxçıvanın hərbi potensialını gücləndirməsi və burada da mütəmadi olaraq hərbi təlimlərin keçirilməsi, xüsusən də Türkiyə ilə birgə hərbi təlimlər keçirilməsidir. Bu gün Naxçıvanda Su-25 döyüş təyyarələrinin təlimləri, həmçinin Rusiyada avqustun 22-dən start götürən “Armiya-2017” forum-sərgi çərçivəsində Azərbaycan-Rusiya arasında yeni partiya hərbi texnika almaq istiqamətində aparacağı danışıqlar, xüsusən də C-500 zenit-raket kompleksini əldə etmək üçün aparacağı danışıqlar Ermənistan hakimiyyətinin yuxusunu ərşə çəkib.

Ermənilərə yaxınlığı ilə seçilən “EurasiaNet” portalı İrəvanın Naxçıvanın hərbi qüdrətinin artmasından ciddi narahatlıq keçirməsi və yuxusunun ərşə çəkilməsinin səbəbi ilə bağlı məqalədə də bunu aydın görmək olar.

Məqalədə qeyd olunub ki, Naxçıvanın hərbi qüdrətinin artması təkcə Azərbaycanın strateji əhəmiyyətini artırmaqdan daha çox Ermənistana ciddi bir mesaj hesab olunur. Çünki Naxçıvan İrəvana və digər strateji əhəmiyyət kəsb edən obyektlərə yaxın məsafədə yerləşir. Son dövrlərdə iki ölkə arasında genişmiqyaslı hərbi təlimlərin yenidən bərpa olunmasının ehtimalının böyük olması fonunda Naxçıvanın hərbi qüdrətinin artması İrəvanın yuxusunu ərşə çəkməkdədir.

Bu gün Naxçıvanın müdafiəsi güclü şəkildə müasir hərbi texnika ilə təmin olunub və hazırda 400-dək zirehli texnikaya, hərbi döyüş təyyarələrinə, helikopterlərə, artilleriyaya və hava hücumundan müdafiə siteminə malikdir. Bununla yanaşı, Naxçıvanda “Smerç”, T-300 “Kasırga”, T-122 “Sakarya” raket kompleksi quraşdırılıb.

Müdafiə naziri Zakir Həsənov bu ilin iyun ayında Türkiyə ilə keçirilən birgə hərbi təlimlər zamanı çıxışında deyib ki, Naxçıvanın müdafiəsi ən professional ordu tərəfindən təmin olunub: “Düşmən bilməlidir ki, Naxçıvana qarşı istənilən təxribata layiqli cavab verməyə hazırıq. Biz bir neçə dəqiqə ərzində Ermənistanın istənilən böyük şəhərinə hücum edib layiqli cavab verməyə hazırıq”.

Naxçıvanın hərbi qüdrətini etiraf edən erməni ekspert Qrant Melik-Şahnazaryan deyib ki, İrəvan genişmiqyaslı hərbi əməliyyatlara başalayacağı təqdirdə, qarşı tərəfin Ermənistana bütün istiqamətlərdən hücumunun olacağını anlamalıdır: “Ona görə də İrəvan Naxçıvanın hərbi qüdrətinin artmasını ciddi surətdə müşahidə edir”.

Rəsmi İrəvan Rusiyadan aldığı “İsgəndər” raketi ilə öyünsə də erməni ekspertlər Azərbaycanın hərbi potensilalının güclü olduğunu və “İsgəndər” raketlərinin qarşısını almağa qadir silahlara malik olduğunu qeyd ediblər. Elə erməni analitik Aram Amatuninin yazdığı da dediklərimizi  təsdiq edir.

Aram Amatuni qeyd edib ki, avqustun 22-də Rusiyada “Armiya-2017” forum-sərgisi işinə başlayıb və sərgidə nümayiş olunan müasir silahlara maraq göstərən ölkələrdən biri də Azərbaycandır. C-500 raketlərinin potensial alıcısının Azərbaycan olacağını təkcə erməni mediası deyil, bunu Rusiya mediası da yazıb. “İzvestiya” qəzeti C-500 raketinin ən potensial alıcılarından birinin Azərbaycan olacağını yazıb.  Çünki C-500 zenit-raket kompleksi yeni modifikasiyaya malik və hava hücumundan daha etibarlı müdafiə sistemidir.

Erməni ekspert İrəvanın Bakını “İsgəndər” raketləri ilə hədəsini birdəfəlik gündəmdən çıxaracaq. Erməni analitik onsuz da Bakı C-400 zenit-raket kompleksi və digər müasir hava-hücumundan müdafiə sistemləri vasitəsi ilə hava məkanını etibarlı şəkildə təmin edib. C-500 zenit-raketini əldə etməklə bu müdafiə qabliyyətini daha yüksək səviyyədə təmin etmiş olacaq. Bununla da İrəvanın Bakıya qarşı təhdid niyyətlərinə birdəfəlik son qoyaraq neytrallaşdırmış olacaq.

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun bu günlərdə “RİA-Novosti”yə müsahibəsində də Bakının ermənilərin “İsgəndər” raketini zərərsizləşdirməyə qadir olduğunu dilə gətirməsi və ardınca real olaraq hava hücumundan müdafiə sistemini daha da möhkəmləndirməklə İrəvanın bütün hücum qabiliyyətini sıfra endirməklə  seytnot vəziyyətə salır. İrəvanı narahat edən digər bir məqam isə ondan ibarətdir ki, Azərbaycana ən müasir silahları satan Ermənistanın özünə ən yaxın strateji müttəfiqi saydığı Rusiyadır.

İrəvan onun ən yaxın müttəfiqinin Azərbaycanı silahlandırmasından narazıdır. İrəvan anlayır ki, əslində Moskva İrəvanı hərtərəfli formada əzməklə, gələcəyini sula altında qoyur. Bunu bilən İrəvan Rusiyanın əleyhinə çıxa bilmir. Bilir ki, bunun cəzası nə ola bilər. Hələ bir müddət öncə sabiq erməni deputat Tevan Poqosyan erməni jurnalistlərə açıqlamasında deyib ki, son beş ildə baş verənlərdən Ermənistan özü üçün yaxşı dərs  götürməli idi: “Çünki Ermənistanın dostu yoxdur. Ermənistanın yeganə dostu Qarabağ erməniləri və diasporasıdır. Odur ki, Rusiyaya o qədər də etibar etmək lazım deyil. Rusiyanın öz maraqları var və bu maraqlar baxımından çıxış edir. O baxımdan Ermənistan öz çıxarlarını etməlidir”.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın Ermənistan üzərində hərbi-psixoloji təzyiqləri öz nəticəsini verməkdədir. Ona görə də hərbi-psixoloji üstünlüyü qoruyub saxlamaq üçün bütün aspektlər və istiqamətlər üzrə fəaliyyətini davam etdirilməli və daha da gücləndirilməlidir. Hesab edirəm ki, informasiya müharibəsi istiqamətində də daha uğurlu prosesə start vermək lazımdır. Bu addımlar hələ ki, danışıqlar prosesində destruktiv mövqe nümayiş etdirən İrəvanı psoxoloji gərginlik altında saxlamağa və Ermənistanın daxili ictimai-siyasi vəziyyətini böhranlı vəziyyətdə saxlamaq üçün yaxşı bir təsir mexanizmidir. Yəni bu hərbi-psixoloji təzyiqlər vasitəsi ilə erməni cəmiyyətini  gərginlik altında saxlamaqla uzaq gələcəkdə olsa belə problemin həllində öz müsbət təsirini göstərəcək. Demək olar ki, artıq bu ğz təsirini göstərib. Məhz bunun nəticəsidir ki, əhalinin əksəriyyəti Ermənistanın gələcəyini görmədiyindən ölkəni tərk edirlər, orduya çağırışda ciddi sorunlar yaşanmaqdadır. Hazırda Ermənistan ordusunun canlı heyətinin komplektləşdirilməsində ciddi problemlər yaşanmaqdadır. Buna görə də ordu xidmətə tam yarasız şəxslər və müqavilə əsasında xidmət edənlərin hesabına komplektləşdirilməkdədir. Proses davam etdikcə həm müqavilə əsasında, həm də müddətli hərbi çağırışla bağlı ciddi problem ortaya çıxmış olacaq. Yaranmış vəziyyət isə Azərbaycan üçün böyük imkanlar açacaq.

Mürtəza Bünyadlı

Gununsesi.info