Orelia Buşez: “Fransa-Azərbaycan Universitetin fəaliyyətinə dair tərəflər arasında saziş imzalanacaq”

  • By admin
  • 27 İyul 2016 13:50

ca5fa212e5abcd9ba49e59339c6a7f40

 

“Bu ilin sentyabr ayında Fransa-Azərbaycan Universitetin fəaliyyətinə dair tərəflər arasında  saziş imzalanacaq”.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bunu yeni yaradılan Fransa-Azərbaycan Universitetinə (UFAZ) qəbul imtahanından sonra abituriyentlərlə keçirilən görüşdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez deyib.

Səfir bildirib ki, bir neçə gün öncə təhsil naziri Mikayıl Cabbarov Strasburqda səfərdə olub. Strasburq universitetinin rektoru ilə görüşdə sazişin Azərbaycanda imzalanması barədə razılığa gəlinib: “Çox şadam ki, Fransa Azərbaycanın təhsil sisteminin gücləndirilməsində rol oynayır. Fransanın Azərbaycan təhsil sistemində ilk rolu Bakıda fransız liseyinin yaradılması ilə başlayıb. İndi isə şadıq ki, daha yüksək səviyyəyə keçmişik və UFAZ həm iki ölkə, həm də iki universitet arasında olan layihədir”.

Səfir əlavə edib ki, hazırda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesi gedir. Onun sözlərinə görə, yeni yaradılan universitetdə 4 ixtisas üzrə kadrların hazırlanması da buna xidmət edəcək: “Bu layihənin həyata keçirilməsi konkret məqamlarla yadda qalıb. Birincisi, tələbələr texniki və elmi təhsil alacaqlar. Digər tərəfdən, ali məktəbə daxil olan tələbələr dövlət hesabına təqaüd alacaqlar”.

Təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, yeni yaradılan universitetdə iki ölkənin təhsil əlaqələrinin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq: “Yeni universitetə abituriyentlərin marağının şahidi olduq. Bu ali məktəbdə təhsil alan tələbələr sonda 2 diplom alacaqlar və bu da onların gələcək fəaliyyətlərində mühüm tol oynayacaq”.

Gununsesi.info