
“Rolls-Royce Motor Cars” şirkəti “Rolls-Royce Art” incəsənət proqramının yeni iştirakçısı olan belçikalı dizayner Çarlz Kaysinlə (Charles Kaisin) əməkdaşlığı barədə elan edir. Təşəbbüs çərçivəsində Kaysin tərəfindən yaradılmış unikal instalyasiya Berkli meydanında yerləşən “Rolls-Royce”un London sərgi salonunda ictimaiyyətə təqdim olunub. Bu haqda gununsesi.info-ya şirkətdən məlumat verilib.
2 500-dən artıq miniatür oriqamidən ibarət olan asma instalyasiya “Rolls-Royce”un əfsanəvi simvolu olan “Uçan ledi” formasında hazırlanıb. Gümüşü rəngi əksetdirən kağızdan hazırlanmış hər bir oriqami “Ekstaz ruhu” fiqurunun kiçik formasını təsvir edir və incəsənət məkanını möhtəşəm parlaqlığa qərq edir. Bu möhtəşəm sənət əsərinin yaradılmasına detalların hazırlanması və yığılmasına sərf edilmiş vaxtla birgə 500 saatdan çox lazım olub. İncəsənət obyektinin çəkisi 4,5 kq təşkil edir. İnstalyasiya sərgi zalının tavanında quraşdırılıb.
Əməkdaşlığın başlanması şərəfinə “Rolls-Royce Motor Cars” şirkəti əsl incəsənət performansına çevrilən sürrealist mövzulu ekslüziv nahar təşkil edib. Çarlz Kaysin tərəfindən hazırlanmış tədbirin konsepti – “The Journey” (“Səyahət”) – qonaqların hər 5 hissinə xitab edən nəcib lyuks və incə sənətkarlıq atmosferi yaratmağa xidmət edirdi.
Qonaqlar böyük həvəslə gecənin ruhuna uyğun “Sürrealizm çalarlı Black Tie” dress-kodunu qəbul etdilər. Kaysin 5 növ yeməkdən ibarət olan nahar konseptini Mişlenin qırmızı bələdçi ulduzlarının sahib məşhur fransız baş aşpazı Devid Martinlə (David Martin) birgə hazırlayıb. Nahar qonaqlara 4 müxtəlif dada malik olan ətirli su təklif edən performans iştirakçılarının gəlişi ilə başladı: italyan razyanasının çiçəkləri; sitrus, cirə və nanə; tər reyhan; hibiskus. Kral krabı, avokado, qara küncüt və kürüdən ibarət qəlyanaltıların paylanması zamanı ofisiantlar boyunlarında oriqamidən hazırlanmış bəzəklər taxmışdılar.
Birinci fasilədən dərhal sonra qonaqlar opera çıxışlarından zövq aldılar: Kral Musiqi Akademiyasından olan Ellen Vanherk və Qildholl Musiqi və Teatr Məktəbindən olan Elin Antuanet məşhur “Lakme” operasından “Güllərin dueti” və “Fiqaronun toyu” operasından “Canzonetta sull’aria” ariyalarını ifa etdilər. Çıxışdan sonra aydın oldu ki, ifaçıların kimonoya bənzər geyimləri əslində ustalıqla masadan götürülmüş ağ süfrənin davamıdır. Növbəti təam olan şorba kimya kolbalarında təqdim edildi. Bu fasilədə isə ofisiantlar “Rolls-Royce” tarixinin ən önəmli modellərindən olan “Silver Ghost”u simvolizə edən qızılı maska və gümüşü kombinezonlarla ortaya çıxdılar.
Treska balığından hazırlanmış əsas yeməyin verilməsindən öncə masalar ot xalçaları ilə örtülmüş, ofisiantlar isə peyzajlarla bəzədilmiş pano geyimləri ilə əsrarəngiz səyahətin unikal atmosferini yaratmışdılar. Qızıl külçədə desertin paylanması üçün ofisiantlar bulud formasında yüngül işıq saçan elementlərlə bəzənmiş nağılsayağı geyimlərə büründülər. Əsrarəngiz əsərlər “Rolls-Royce”un Qudvuddakı zavodundan 30 km aralı yerləşən Nyetimber üzüm bağından gətirilmiş ən yaxşı şərablarla müşayiət edilirdi.
Kaysin və onun komandası tədbirin qonaqları üçün əsl incəsənət əsərləri olan kitablar hazırlayıb. Mürəkkəb texnologiyanın köməyilə hər bir kitabın kəsiyində hərf yerləşdirilmişdi. Bütün nümunələri topladıqda isə Henri Roysun məşhur sitatı önə çıxırdı: “Etdiyiniz hər işdə mükəmməlliyə can atın. Mövcud olanın ən mükəmməlini götürün və onu daha yaxşı edin. Daha yaxşısı mövcud olmadıqda – onu yaradın”.
Kaysin dəbdəbəni qiymətləndirə bilənlər üçün bütün dünyada konseptual tədbirlərin təşkili üzrə böyük təcrübəyə malikdir. “Rolls-Royce Motor Cars” şirkəti üçün təşkil etdiyi sürrealistik şam yeməyi onun Londonda gerçəkləşən ilk səhnələşdirlmiş layihəsi idi.
Gülnaz Qənbərli
Gununsesi.info