Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtləri açıqlanıb

  • By admin
  • 13 İyul 2017 14:24

imtahan

Tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladığı ümumi balı 30-dan və Azərbaycan/rus dili, riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan (xarici dil fənni üzrə cavablara məhdudiyyət tətbiq edilmir) abituriyentlər buraxılacaqlar.

Dövlət İmtahan Mərkəzindən Gununsesi.info-ya verilən məlumata görə, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə cavablara məhdudiyyət tətbiq olunmur) az olmayan abituriyentlər buraxılırlar. Bu ixtisasları yalnız imtahanda topladıqları ümumi balları qeyd olunan müsabiqə şərtini ödəyən və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Qabiliyyət imtahanlarında iştirak etmək üçün elektron qeydiyyat iyulun 18-dək davam edəcək. Qabiliyyət imtahanları isə iyulun 25-dən avqustun 3-dək keçiriləcək. 11 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi isə avqustun 15-dən 19-dək aparılacaq.

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladığı ümumi balı 40-dan, ana dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız imtahanda topladıqları ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Qabiliyyət imtahanlarında iştirak etmək üçün elektron qeydiyyat iyulun 18-dək davam edəcək. Qabiliyyət imtahanları isə iyulun 19-dan 23-dək keçiriləcək.

Doqquzillik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi iyulun 25-dən avqustun 6-dək aparılacaq.

Anar

Gununsesi.info