Orta məktəbi bitirəcək şagirdlərin sayı açıqlandı

  • By admin
  • 12 İyun 2017 14:46

07

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27 708, XI sinfini 19 525 nəfər bitirəcək.

BŞTİ-dən Gununsesi.info-ya verilən məlumata görə, paytaxtda 45 321 nəfər I sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq.

Cari tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində 387 373, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 327, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 2 603 şagird olmaqla, ümumilikdə 392 303 şagird təhsil alıb.

2016-2017-ci tədris ilində məktəbəhazırlıq qruplarını 261 ümumi təhsil məktəbində 839 qrupda 23 130 uşaq bitirib. Növbəti ildən isə 25 000-dən artıq uşağın məktəbəhazırlıq qruplarına cəlb edilməsi nəzərdə tutulur.

I sinfə şagird qəbulu ilə bağlı hazırda elektron sistem vasitəsilə 44 000-dən çox uşaq qeydiyyatdan keçib ki, onlardan 40 805-i ümumi təhsil məktəblərinə, 3 359 nəfəri isə lisey və gimnaziyalara sorğu yerləşdirib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizindən çoxdur.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 28 165 müəllim fəaliyyət göstərir.

Anar

Gununsesi.info