“Orta və ali məktəblərdə hərbi dərslərin bərpa olunmasını təmin etməliyik” - FAZİL MUSTAFA

  • By admin
  • 30 Sentyabr 2020 22:15

Gecə saatlarında bəzi tikinti şirkətləri yeni binalarda iş aparır və bu da insanları narahat edir.

Gununsesi.info məlumat verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat  Məlahət İbrahimqızı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, Bakının Nəsimi rayonunda yeni tikilən binalar bir-birinə çox yaxındır:

“Az qala əlini uzatsan, o biri eyvana çatır. Bu, tənzimlənməlidir. Bununla bağlı mən Nəsimi rayon İcra hakimiyyətinə, Şəhərsalma və Tikinti İdarəsinə də müraciətlər etmişəm”.

***

“Tarixi mənbələr var ki, Bakının işğaldan azad olunması üçün xüsusi səfərbərlik elan edilmişdi. Zəngəzur qiyamını yatırmaq üçün də səfərbərlik elan edilib”.

Bunu isə deputat Fazil Mustafa deyib.

O, bildirib ki, ali və orta məktəblərdə hərbi dərslər bərpa olunmalıdır:

“Biz orta və ali məktəblərdə hərbi dərsləri ləğv etməyimizin fəsadını yaşadıq. Müharibə şəraitinin tələbi üzrə biz təcili orta və ali məktəblərdə hərbi dərslərin bərpa olunmasını təmin etməliyik. Bu gün çox sayda insanlarımız adi silahla davranış qaydalarını bilmir. Biz eyni zamanda səfərbərliklə bağlı qanunvericiliyi də dəyişməliyik. Bir ailədə tək uşağı, yaxud bir ailənin bütün uşaqlarını səfərbərliyə cəlb edirlər. Əlbəttə, bu, vətənlə, torpaqla bağlı məsələdir. Amma sosial müavinətlə bağlı xüsusi müddəalar olmalıdır. Bir uşağı əsgərə gedən ailələri qanunvericiliklə müəyyən müavinətlərlə təmin etməliyik. Arxa cəbhədə kiminsə bir sıxıntısı qalanda bu, həmin insanın döyüş ruhuna da təsir edəcək”.

 

 

Gununsesi.info