Bir-neçə gün öncə tanınmış aparıcı Aytən Səfərova azərbaycanlı kişiləri tənqid edib. Aparıcı onların natəmizliyindən söz açaraq bildirib ki, “Kişilər, burnunuzdan, qulağınızdan tüklər çıxır, az qala ki, onları hörəsiniz. Lazer təkcə qadınlar üçün deyil. Qulağınızdan çıxan tüklərə də əncam çəkmək lazımdır. Gedin, onları lazerlə götürün. Lazer gigiyena və təmizlikdir”. Aparıcının bu çıxışı sosial şəbəkələrdə cəmiyyətlə yanaşı, tanınmış incəsənət nümayəndələri tərəfindən də ciddi tənqid olunub.
Sosioloq Elçin Bayramlı MediaPost-a açıqlamasında məsələyə öz münasibətini bildirib.
O qeyd edib ki, bu fikri səsləndirənlərin nə məqsədə xidmət etdiklərinə baxmaq lazımdır: “Belə insanlar bu xalqın milli-mənəvi dəyərlərinin məhv edilməsi üçün çalışırlar. Azərbaycanda belə qruplar müasirlik adı altında bütün dəyərlərimizi çökdürmək, hər şeyi dəyişdirmək, xalqı eybəcər bir kütləyə çevirmək üçün fəaliyyət göstərir, hansısa xarici mərkəzlərdən idarə olunurlar.
Qadınlarla bağlı planlarını böyük ölçüdə həyata keçiriblər, lazımi nəticələrə nail olublar. Bilirsiniz ki, ailə institutumuzu dağıdıblar, boşanmalar üzrə birinci yerə çıxdıq. Əxlaqsızlıq da baş alıb gedir. İndi də növbə kişilərdədir. “Kişilərin qadınlaşdırılması” prosesinin nəticələrini biz onsuz da görürük, ortalıq qeyri-müəyyən cinsi oriyentasiyalı məxluqlarla dolub. Bir çoxu da yavaş-yavaş potensial olaraq buna hazırlanır. Baxım başqa şeydir, səliqə-səhman başqa şeydir. Bəli, kişi əyin-başına, səliqə-səhmanına fikir verə, üzünü, saçın qırxdıra bilər. Amma bu salonlarda lazer əməliyyatları, tük yoldurma, qaş düzəltmə – belə biabırçılıqlar Azərbaycan kişisinə yaraşmayan bir biabırçılıqdır. Tariximizdə heç vaxt belə bir şey olmayıb. Ümumiyyətlə, bu, dünyanın heç bir ölkəsində də normal qəbul olunmur. Ona görə də bu fikri səsləndirənlərin nə məqsədə xidmət etdiklərinə baxmaq lazımdır. Bunlar beynəlxalq dairələr, xarici dairələr tərəfindən maliyyələşdirilir. 20-25 ildir Azərbaycanda bu işi aparırlar. Onlar gah bizim tarixi şəxsiyyətlərimizi ləkələyirlər, gah da qadın-kişi münasibətlərini gender proqramı adı altında, qadın azadlığı altında tamamilə çökdürməyə çalışırlar. Məişət mövzularından da çıxa bilmirlər”.
Sosioloq vurğulayıb ki, dünyanın heç bir ciddi ölkəsində, normal bir cəmiyyətində belə şeylər müzakirə olunmur: “Yaxşı olar ki, bizim xalq olaraq inkişaf etməyimiz üçün lazım olan təhsildən, elmdən, texnoloji inkişafdan, ictimai qaydalara riayət etməkdən danışsınlar, sağlam yaşayış tərzini təbliğ etsinlər. Bunların davası o deyil. Arvad tumanından, kişi koftasından yapışıblar. Bu biabırçılıqdır. Dünyanın heç bir ciddi ölkəsində, normal bir cəmiyyətində belə şeylər müzakirə olunmur. Hər kəs necə istəyir yaşayır və 1000 illərdir formalaşmış qaydada yaşayır. Bu kişilərin içində fəhləsi də var, kəndlisi də var. Müəyyən səbəblərdən üst-başı təmiz olmaya da bilər, saçı başı dağınıq ola bilər. Bundan kimə nə var? Azərbaycan kişisinin də heç bir lazer salonunda işi yoxdur. İnteqrasiyamız Avropaya artıq sürətlə gedir və cinsi azlıqların artıq sayı-hesabı itib. Yerdə qalanları da “müasirləşdirmək” istəyirlər? Hansısa yad dəyərlərin bizə dürtülməsindən yapışıblar.
Kimsə televiziyada, orada-burada çıxış edirsə, verilişə dəvət olunubsa, o demək deyil ki, gəlib 1000 illərdir formalaşmış xalqımıza dərs verməlidir, ağıl öyrətməlidir. Bu fikirləri səsləndirənləri – psixoloqları, sosioloqları ümumiyyətlə televiziyalardan yığışdırmaq lazımdır. Mən elə hesab edirəm vəziyyət o həddə gəlib ki, artıq cəmiyyət tərəfindən sərt yanaşma qoyulmalıdır. Bunlar boykot olunmalıdır, sərt qınağa məruz qoyulmalıdır.
Dillənmədikcə, bunlar qarşısında alternativ fikir görmədikcə daha da irəli gedirlər. Birazdan başqa şeylər deyəcəklər. Necə ki, ailə institutumuzu dağıtdılar, “uşaqlara dəyməyin, gənclərə tam azadlıq verin, müstəqillik verin” deyə-deyə, müasirlikdir deyə-deyə bugünkü vəziyyətə gətirib çıxardıblar. Son 20-30 ildə statistikalara baxanda, cəmiyyətin vəziyyətinə baxanda nələr baş verib hamısı gözümüzün qabağındadır.
Bu statistikalara baxanda aşkar görünür, cəmiyyətdə vəziyyətə baxanda aşkar görünür. Bunların başqa dərdi nədir? Tamamilə bu cəmiyyəti məhv etmək istəyirlər? Açıq desinlər ki, bizim məqsədimiz budur və bunun üçün də biz xarici dairələrdən idarə olunuruq, qrant alırıq. Onsuz ki, onlara bir söz deyən də yoxdur. Azərbaycanda indiyə kimi bir-neçə bu istiqamətdə QHT-lərə, medialara, saxta ekspertlərə pul ayrılıb ki, normal cəmiyyət əvəzinə əxlaqsız, pozğun, eybəcər bir cəmiyyət formalaşdırsınlar. Bu istiqamətdə də çox mütəşəkkil qaydada işləyirlər”.
“Bunun axırı heç yaxşı yerə getmir, bunu real vəziyyət də göstərir. Ona görə də bu adamlar ortalıqdan yığışdırılmalıdır. Əgər dövlətin müvafiq orqanları bunlarla bağlı tədbir görə bilmirsə, cəmiyyət bunları boykot eləməlidir. Sosial şəbəkələrdə dostluqdan çıxartmaq, onların verilişlərinə baxmamaq lazımdır” – deyə E.Bayramlı əlavə edib.
Gununsesi.info