Oruc tutmaq şəkər xəstələri üçün təhlükəlidir

  • By admin
  • 04 Aprel 2023 10:07

Oruc tutarkən bir sıra xəstəlikləri olan şəxslər diqqətli olmalı, dərman qəbulu qaydalarına düzgün əməl etməlidirlər. Əks halda o insanların səhhətində ciddi problem yarana bilər.

Gununsesi.info xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin Zirə Müalicə-Diaqnostika Mərkəzinin həkim-endokrinoloqu Elza Əsgərova deyib.

Onun sözlərinə görə, zob xəstələri ənənəvi olaraq L-Tiroksin və ya Eutiroks dərmanı qəbul edirlər: “Bu dərmanın yaxşı mənimsənilməsi üçün onun acqarına qəbul edilməsi vacibdir. Bunun üçün də həmin dərmanın imsak zamanı qida qəbulundan yarım saat əvvəl acqarına qəbul edilməsi məqsədəuyğundur. Əgər şəxs bunu həmin vaxt edə bilmirsə, bu zaman iftar vaxtı başlayan kimi 1 stəkan su ilə qəbul edib, ən azı yarım saat gözlədikdən sonra yemək yeməlidir. Əgər bu da mümkün deyilsə, oruc tutan şəxs iftar vaxtı yetişəndə dərhal qida qəbuluna başlayırsa, bu zaman iftarda qida və maye qəbulunu tamamilə dayandırdıqdan 3-4 saat sonra dərmanı qəbul edə bilər. Bütün hallarda dərmanın sovrulması üçün 3-4 saat aclıq mütləqdir və bunu sistemli şəkildə davam etmək lazımdır”.

Həkim-endokrinoloq oruc tutmağın şəkərli diabet xəstələrinin sağlamlığı üçün də təhlükə ola biləcəyini istisna etmir. Lakin bu hər şəkərli diabet xəstəsinə şamil olunmur:

“Bildiyiniz kimi şəkərli diabet xəstələri 2 tipə ayrılır: insulindən asılı olan I tip və insulindən asılı olmayan II tip insanlar. İnsulindən asılı olmayan xəstələr də bəzən insulin tələbli olurlar. Nəzərinizə çatdırırıq ki, I tip şəkərli diabet xəstələrinə oruc tutmaq qətiyyən məsləhət görülmür. Belə ki, gün ərzində 2-3 dəfə insulin qəbulu baş verməzsə, belə xəstələrdə hipoqlikemiya (şəkərin düşməsi) baş verə, bu isə xəstə üçün koma ilə nəticələnə bilər.

II tip şəkərli diabet xəstələri isə oruc tutmağa başlamazdan əvvəl öz poliklinikalarında həkim-endokrinoloqa müraciət etməli, özlərinin 3 aylıq şəkərini (qlikohemoqlobini) yoxlatdırmalıdırlar. Əgər xəstələrdə qlikohemoqlobin 8-dən aşağıdırsa, bu zaman onlara oruc tutmağa icazə verilir, əgər bu göstərici 8-dən yuxarıdırsa, həmçinin şəkərli diabet xəstələri öz müayinə və müalicələrinə etinasız yanaşırsa, həmin xəstələrin də oruc tutması onların sağlamlığı üçün təhlükə yarada bilər”.

Mütəxəssis bəzi ürək-qan damar xəstələrinə də oruc tutmağın tibbi cəhətdən məqsədəuyğun olmadığını bildirib.

“Bütün hallarda çalışın, səhhətinizdə hər hansı problem varsa və ya sağlamlığınızla bağlı şübhələriniz yaranarsa, ilkin tibb müəssisələrinə yaxınlaşaraq, ailə (sahə) həkiminizlə məsləhətləşin, lazımi müayinələrdən keçin”, – həkim deyib.

Gununsesi.info