
O, ədəbiyyatımızın da ağsaçlı atası idi
Fikrət Sadıq uşaqlığımızın şairi idi. Ədəbiyyata marağı olan hər kəs balaca olanda onun “Gilə” şerini əzbərdən bilirdi. Elə bir şer idi ki, misralar gilə-gilə süzülür, kitabdan birbaşa dilin ucuna axırdı.
Qəşəng qızam adım Gilə
Qonaq getdim dayımgilə
Yağış yağdı gilə-gilə
Ayaqqabım batdı gilə.
Sonra böyüdük, dərdimiz də özümüzlə böyüdü. Torpaqlarımızı itirdik. Alınmaz qala Şuşa da alındı. Fikrət Sadıq yaramızın qaysağını qopardan bir şer yazdı.
Şuşa yadıma düşəndə
qəlbim sınır şüşə kimi
görəsən görərmiyəm
Şuşanı bu qışa kimi?!.
24 qış gəldi keçdi, Fikrət Sadıq Şuşanı görmədi. Heç bu ilin qışını da.
Jurnalist peşəmiz bizi çox adamlarla görüşdürüb, onların arasında şairlər, yazıçılar da olub. Məsələn, yadmdadır ki, sonuncu müsahibim Fikrət Qoca olmuşdu təxminən bir il qabaq, amma Fikrət Sadıq nə müsahibim olub, nə də onunla nə vaxtsa üz-üzə gəlmişəm. Oğlu Orxan Fikrətoğlu ilə isə bir neçə il eyni otaqda oturmuşuq, iş yoldaşı, kolleqa olmuşuq. Orxan müəllim( mən ona həmişə belə deyirəm) atası haqqında çox şövqlə danışırdı. Bir də görürdün əlini klaviaturadan ayırar, “Ləman, bilirsən bizim evə kimlər gəlib?-deyə köhnə xatirələrini danışmağa başlayardı. Onun uşaqlığı, evlərindəki saz-söz məclisləri, dövrünün ən nəhəng adamları haqqında söhbətlərini maraqladinləyər, sonra da atalar və oğullar fəlsəfəsinin mahiyyəti haqqında fikirləşərdim. Bu o illər idi ki, Orxanın şöhrəti atasının şöhrətini ötüb keçmişdi. Və..Fikrət Sadıq oğlu haqda belə bir şer yazmışdı.
Mən sönmüşəm haçandı
Orxan işıq saçandı
Mən dağınıq, didərgin
O bitkindir, yığcamdır.
Şöhrət elə bir şeydir ki, adam onu heç doğma balası ilə da paylaşmaq istəmir. Amma Fikrət Sadıq oğlunun şöhrəti ilə fəxr edən ata idi. Onu ədəbiyyatımızın da ağ saçlı atası saymaq olardı.İndi bu dağınıq ruhlu, dağınıq saçlı kişi 3 gündür bizi və ədəbiyyatımızı tərk edib gedib. Ən yaxın dostlarının, ən əziz adamlarının yanındadır. Nə danışıb bizdən onlara, nə söhbətlər aparıb gedib bu dünyadan, bilmirik. Amma əminəm ürəyi dolu gedib. Orda ondan hər mövzuda söhbət dinləyəcək kəslər var. Vaqif Səmədoğlu var, Qabil var, Balaş Azəroğlu var, Cabir Novruz var, Mirvarid Dilbazi var, Mədinə Gülgün var, İlyas Əfəndiyev var. Bunlar hələ Fikrət Sadığın müasirləri, ətrafında olanlardır haa, o biri korifeyləri demirəm. Məsələn,Məhəmməd Hadini, Mirzə Əli Möcüzü. Hansı ki,onlardan birincisinin qəbrini Fikrət Sadıq Gəncədə küçə-küçə tin-tin axtarmış, tapa bilməmişdi. Görəsən, indi axirətdə özünü tapa bilibmi? Və yaxud, “Ürəyində illərin əzabı qalaq-qalaq, başında millətinin, keçirdiyi gün kimi, sürdüyü ömür kimi qara, zil qara papaq” olan Mirzə Ələkbər Sabirlə necə, qarşılaşıbmı? Ya Mirzə Cəlillə…? Ona “Anamın kitabı”ndan-Azərbaycanın dərd dolu kitabından nələr danışıb görəsən bu üç gündə Fikrət Sadıq? Bunu o bir Allah, bir də Fikrət Sadığın özü bilir.
Hər halda, o bu dünyanı o kişilər kimi boşuna yaşamadı. Yazdı, yaratdı və köçünü sürüb zalım dünyadan getdi. Bizə arzularının ifadəsi olan şerləri qaldı.
Göylər niyə zalım olsun
Tale mənə zamin olsun
Bir dərə məzarım olsun
Bir dağı örtün üstümə
Yerin behişt olsun dağ boyda kişi! Allah səbrini dağ eləsin, Orxan Fikrətoğlu!
Ləman Ələşrəfqızı
Əməkdar jurnalist