Orxan Məmmədov: “Sahibkarlığa başlayan xeyli sayda qadınlarımız var”

  • By admin
  • 17 May 2023 13:58

“İnkişaf etmiş ölkədə qadın sahibkarlığı olduqca vacibdir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “SHE (Smart, Happy, Equal) Congress” beynəlxalq qadınlar konqresində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadın fərdi sahibkarların xüsusi çəkisi getdikcə artır:

“Sahibkarlığa başlayan xeyli sayda xanımımız var. 2018-ci ildə fərdi sahibkarlar arasında qadınların xüsusi çəkisi 19% civarında idisə, 2023-cü ilin aprel ayının statistikasına görə bu çəki 25%-ə yaxınlaşıb. Bundan başqa, hüquqi şəxslərin təsisçiləri, eləcə də idarəçiləri arasında da kifayət qədər qadınlar var. Hazırda ölkəmizdə iqtisadi fəal əhalinin 49%-ni qadınlar təşkil edir”.

KOBİA sədrinin sözlərinə görə, qadın sahibkarlar işğaldan azad edilən ərazilərdə biznes qurmağa maraqlıdırlar:

“Bununla bağlı bizə müraciətlər daxil olub. Ümumiyyətlə, biznes müraciətlərinin 80-ə yaxını qadın sahibkarlara məxsusdur. Biz ticarət, kənd təsərrüfatı, turizm, ictimai iaşə, təhsil və digər sektorlar üzrə müraciətləri görürük”.

Gununsesi.info