Türkiyədə həbsdə olan iş adamı Osman Kavalaya Avropa Şurasının 2023-cü il Vatslav Havel İnsan Haqları Mükafatı verilib.
Gununsesi.info bildirir ki, Strasburqda keçirilən mərasimdə mükafatı Osman Kavalanın həyat yoldaşı Ayşe Buğra Kavala AŞPA sədri Tiny Koxdan alıb.
Mərasimdə Osman Kavalanın AŞPA-ya göndərdiyi məktubu Ayşe Buğra Kavala oxuyub.
Sentyabr ayında Çexiyanın paytaxtı Praqada toplanan 5 nəfərlik mükafat komitəsində üç nəfərlik siyahıya Kavala, polşalı insan və qadın hüquqları müdafiəçisi Custina Vydrzynska və ukraynalı hüquq müdafiəçisi Yevgeni Zaxarova daxil edilib.
Vatslav Havel İnsan Hüquqları Mükafatı AŞPA Vatslav Havel Kitabxanası və Çexiyada vətəndaş təşəbbüsü platforması olan Charta 77 Fondu tərəfindən 2013-cü ildən bəri hər il Avropada insan hüquqlarının və vətəndaş cəmiyyətinin inkişafı üçün çalışan mühüm simalara verilir. Mükafat sahibinə 60 min avro da mükafat verilir.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu həftə keçiriləcək plenar iclaslarda “təcili məsələlər” gündəliyinə dair Kavala üçün xüsusi iclasın keçirilməsi təklifini qəbul edib.
Müvafiq olaraq, AŞPA cümə axşamı günü Kavalanın dərhal azad edilməsini tələb edən tövsiyə layihəsini müzakirə edib səsverməyə çıxaracaq.
Qeyd edək ki, Osman Kavala İstanbuldakı Gəzi hadisələrinə görə həbs edilib. Onun həbsdən azad edilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qərar qəbul edib. Lakin Türkiyə hakimiyyəti beynəlxalq məhkəmənin qərarını bu günədək icra etməyib.
Onu da qeyd edək ki, Azərbaycandan isə Vatslav Havel İnsan Haqları Mükafatı Seçkilərin Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli həbsdə olarkən alıb.
Gununsesi.info