Ötən əsrin ortalarına aid qəzetdə smartfonlar barədə dəqiq məlumat

  • By admin
  • 17 Avqust 2022 14:40

ABŞ-ın Mensfild şəhərində 1963-cü ilə aid yerli qəzetlərin birində smartfonlar barədə məqaləyə rast gəlinib. Həmin nəşrin saralmış səhifəsinin fotoşəkili “Reddit” istifadəçisi tərəfindən dərc edilib.

“Bir gün Mensfild sakinləri ciblərində telefon daşıyacaqlar. Ancaq bunun sabah olacağını gözləməyin. Telefon şirkətinin menecerinin sözlərinə görə, bu cür cihazların kommersiya məqsədli istifadəsi uzaq gələcəkdir, lakin artıq ilk laboratoriya sınaqlarına başlanılıb”, – deyə məqalədə vurğulanıb.

1963-cü ildəki alimlərin fikrincə, gələcəyin bəzi telefonları müasir spikerfonların analoqu olmalı idi. Məqalə müəllifinin sözlərinə görə bu, evdar qadınlara yemək bişirməkdən yayınmadan zənglərə cavab verməyə imkan verəcəkdi.

Gələcəkdə daşına bilən başqa cihazın isə televizorlar kimi kiçik ekranlara sahib olacağı proqnozlaşdırılırdı. Buna görə də məqalə müəllifləri onları “TV fonları” adlandırıblar.

Sosial şəbəkə istifadəçiləri proqnozların dəqiqliyinə təəccüblərini bildiriblər.  Bəzi istifadəçilər isə məqalə müəlliflərinin 60-cı illərin amerikalı qadınını yalnız evdar kimi təqdim edən seksist tonuna istehza ediblər.