Ötən il təmir edilən YOLLAR

  • By admin
  • 22 Fevral 2022 12:46

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2021-ci il ərzində 728.3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Gununsesi.info xəbər verir ki, bunu AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov avtomobil yolları işçilərinin peşə bayramı günü ilə bağlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bura respublika əhəmiyyətli 128.4 km, yerli əhəmiyyətli 425 km, Bakı şəhərində yolları 174.9 km yol təmir edilib:

“Bunlardan 606.8 km investisiya vəsaiti hesabına, 121.5 km isə “Avtomobil Yolları” Məqsədli Büdcə vəsaiti hesabına yerinə yetirilib.

2021-ci il ərzində 10 yeni körpünün (İsmayıllı rayonu ərazisində 4, “Zəfər Yolu üzərində 5, Ağcabədi rayonu ərazisində 1), Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3,6 kilometrində uzunluğu 76,7 m olan və Ziya Bünyadov prospektində 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında uzunluğu 90 metr olan yeni yerüstü piyada keçidlərinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib.

Həmçinin, 17 kəndlərarası avtomobil yolları layihəsindən uzunluğu 207,4 km təşkil edən 12 layihənin icrası başa çatıb, tikintisinə ilkin vəsait ayrılmış uzunluğu 167 km təşkil edən 5 layihə üzrə işlər isə davam etdirilib.

Bundan başqa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61,7 km uzunluğunda 10 kənd yolunun yenidənqurulması işləri həyata keçirilib. Yevlax rayonunda – 7,6 km, Şəki rayonunda – 11,4 km, Ucar rayonunda –6,9 km, Zərdab rayonunda – 25,6 km və Ağcabədi rayonunda – 10,2 km uzunluğa malik kənd yolu təmir edilib.

Şamaxı rayonunda 45,4 km, Naftalan şəhərində 16,9 km uzunluğunda daxili yollarının yenidən qurulması və əsaslı təmiri işləri başa çatdırılıb”.

Gununsesi.info