“Övladlarımın üzünü görmürəm”- MƏLAHƏT ABBASOVA (MÜSAHİBƏ)

“Övladlarımın üzünü görmürəm”

Əməkdar incəsənət xadimi Məlahət Abbasovanın Milli.Az-a müsahibə verib. 

Gununsesi.info həmin müsahibəni təqdim edir.

– Məlahət xanım, sizi yenidən doğma Bakıda görməyimizə şadıq. Bu dəfə hansı qonaqla gəlmisiniz?

– Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Mən 28 ildir ki, Türkiyədə yaşayıram. Mən həm də İstanbul Şəhər Teatrında aktrisa, bədii rəhbər vəzifəsində çalışıram. Demək olar ki, bütün televiziya kanalları hansı məşhurla görüşmək istəyibsə, mənə zəng edib. Sizin seriallardan gördüyünüz, tanıdığınız aktyorların 80 faizi bizim teatrda çalışır. Onlar həmişə məni görəndə deyirdilər ki, Məlahət, bizi nə vaxt Bakıya aparırsan? Məndə belə bir ideya yarandı. Hamısından da soruşdum ki, sizi Bakıya verilişimə dəvət etsəm, gələrsiniz? Bu əslində bir növ bizim aktyorların və teatrlarımızın da tanıtımıdır. Mənə də bu lazım idi ki, biz onların məşhurlarını tanıyırıq, onlar da bizim məşhurları tanısınlar. Bakıya sonuncu dəfə aktyor Emil Olcay və Hüseyn Avni Danyalı gətirdim.

– Hal-hazırda Türkiyədə nə kimi işlər görürsünüz?

– Teatrda direktorun müavini vəzifəsindəyəm. Həm aktrisalıq edirəm, həm də tamaşaya quruluş verirəm. Bu teatr Avropa və Asiyanın ən böyük teatrıdır. 1000-ə yaxın işçimiz var. Bu cür böyük teatrda çalışmaq həqiqətən də qürurvericidir.

– Bakıdakı teatrlardan dəvət gəlsə, gəlib işləyərsiniz?

– Tamaşa qoymağa gələrəm (gülür).

– Azərbaycanda hal-hazırda yayımlanan serialları izləyirsiniz?

– Keçən həftə yeni nəsili tanımaq üçün bir neçə serialı izlədim. “Ögey ana”, “Vicdan haqqı” seriallarına baxdım, çox gözəldir. Mən inanıram ki, bundan da yaxşı olacaq. Siz bilirsiniz ki, serial istehsalına görə Türkiyədə dünyada birinci yerdədir. Azərbaycanda da seriallar arasında böyük rəqabət var. Qısqanclıq olmasın, xainlik olmasın, amma rəqabətin olması gözəldir.

– Bu gün əksər gənclər istəyir ki, xaricə gedib, orada uğur qazansınlar. Həqiqətənmi Türkiyəyə gedib, orada tanınmaq asandır?

– Mənə heç də asan olmadı. Aşıq Veysəlin bir sözü var “Uzun incə bir yoldayam, gedirəm gündüz-gecə”. Bu uzun, incə yolu məni uzun illər keçdim. Türkiyənin özündə böyük rəqabət var. İstəyirlərsə, gəlsinlər, bacarsalar mən də əlimdən gələni edərəm.

– Türkiyədə elə aktyorlar var ki, “massovka”da çıxış edərək, tanınıblar.

– Bəli, elə məndə də bu hal olub. Bəzən məni tənqid edirlər ki, gedib kiçik rol oynayır. Mənim bir serialda 5 gün çəkilişimə teatr imkan vermir. Bu gün seriallarda gördüyünüz bir çox aktyorlar vaxtilə bizim teatrda çalışıb, bir az məşhurlaşandan sonra teatrı tərk ediblər. Məsələn, Halit Ergençi misal gətirə bilərəm. İllər öncə o sırf teatr aktyoru idi. Onlar əslində istəyirlər ki, teatrda çalışsınlar, amma nə vaxtları var, nə də ki, maddiyat baxımdan seriallardan əl çəkmək istəmirlər.

– Məlahət Abbasova səhnədən uzaqda necə yaşayır?

– Bilirsiniz ki, iki övladım var. İşlərim o qədər çoxdur ki, onları az görürəm. İşim bitən kimi evimə gedirəm, seriallar, teatr qalır qapı arxasında. Onlarla çox vaxt keçirmək istəyirəm, bəzən elə olur ki, övladlarımın üzünü görmürəm. Evdə sırf anayam.

– Bakıya gələndə teatrlarımıza getməyə vaxt tapırsınız?

– Bəli, gedirəm. Sonuncu dəfə “Sən həmişə mənimləsən” tamaşasına getmişəm. Bu tamaşa mənə çox maraqlı idi. Siz bilirsiniz ki, mən illər öncə həmin teatr tamaşasının televiziya variantına çəkilmişəm.

Gununsesi.info

COMMENTS