“Özəl kanallarda islahatlara ehtiyac var, bayağı müğənnilər efirə çox ayaq açıb…”

  • By arzu
  • 07 Dekabr 2019 13:21
“Bizim problemlərimiz də var və birdən-birə bunu ideal etmək də mümkün deyil, amma bu istiqamətdə ciddi işlər gedir”

Gununsesi.org-un məlumatına görə, bunu Moderator.az-a açıqlamasında AzTV-də Bədii Şuranın üzvü, Xalq artisti Mənsum İbrahimov televiziyalarımız haqda danışarkən deyib. Xalq artisti dövlət televiziyasında daha çox canlı verilişlərə üstünlük verildiyini bildirib:

“Mən Azərbaycan Televiziyasında Bədii Şuranın üzvü kimi onu deyə bilərəm ki, bizdə məsələ çox ciddidir. Hər ay iki dəfə bütün şura üzvləri yığışır və hər şeyi müzakirə edirik. Bu gün AzTV-də gedən prosesləri göz qabağındadır, hamı izləyir, dəyişikliklər var, yeni verilişlər efirə çıxarılıb. AzTV-də efirə gedən verilişlərin yetmiş faizi canlıdır və bu da çox böyük çətin bir məsələdir. Bilirsiniz ki, AzTV böyük ənənəsi olan bir televiziyadır və orda yenilik etmək çətindir. Amma buna baxmayaraq biz bu ənənəni pozmadan bütün bunların hamısı həyata keçirilir. Rəhbərlik özü də çox demokratik bir insandı. Hər şura üzvünün iclasda fikri nəzərə alınır. Bizim problemlərimiz də var və birdən-birə bunu ideal etmək də mümkün deyil, amma bu istiqamətdə ciddi işlər gedir. Biz bölgələrimizdə görüşlər keçirib insanların televiziyamızda nəyi görmək istədiyini soruşuruq”.
Xalq artisti özəl kanallarımızda da islahatların aparılmasının vacibliyini vurğulayıb:
“Düşünürəm ki, özəl telekanallarımızda da islahatlar aparılmalıdır, çünki bayağı verilişlər çoxdur. Amma AzTV-də bayağı verilişlər yoxdur, milli-mənəvi dəyərlərə söykənən yeni verilişlər açılıb. Mən də bir sənətkar və vətəndaş kimi demək istəyirəm ki, özəl kanallarımızda neqativ hallar çoxdur və bundan bütün cəmiyyətimiz narahatdır. Bayağı müğənni və musiqilər efirlərə çox ayaq açıb. Düzgün təbliğat aparılmır və bunun da qarşısı alınmalıdır, çünki gəncliyə nə versək, onu da qəbul edəcək. İnsanlar düşünür ki, televiziyada nə verilirsə, nümunə budur. Vaxtilə ideologiya bu cür aparılıb. Özəl kanallar reklamla işlədiklərinə görə daha çox reytinq arxasıyca qaçırlar və əlbəttə, belə olanda da keyfiyyət itir”.