
Özəl uşaq bağçalarında vahid qiymət müəyyənləşdirilməlidir.
Gununsesi.info xəbər verir ki, bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib
Onun sözlərinə görə, Azərbaycanda fəailiyyət göstərən hər bir özəl bağçada fərqli qiymət olur. “Hətta Bakı şəhərində eyni imkanlara malik bağçalarda fərqli qiymətlər var. Bu gün bəzi bağçalarda bir uşaq üçün ödəniş haqqı 300, digərində isə 500 manat təşkil edir. Elə bağça da var ki, orada qiymətlər bir az da artıqdır. Bütün bunları nəzərə alaraq, burada orta qiymət meyarı tapmaq lazımdır”- deyə, komitə sədri vurğulayıb.
İ.Həbibbəyli əlavə edib ki, hələlik konkret model tapa bilməmişəm. Ancaq misal olaraq, təklif olaraq orta qiymətin 500 manatdan yuxarı olmamasını deyə bilərəm: Təbii ki, bunu da həmin bağçanın imkan və şəraitlərinə görə tənzimləyə bilərik”.
Komitə sədri qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməməsini hesab edirik: “Lakin özəlləşdirilərsə belə onun təyinatı dəyişməməlidir. Qanun layihəsinin hazırlıq variantında bağçaların özəlləşdirlməmisini qeyd etmişdik. Lakin sonra baxdıqda, rayonların bəzilərindəki bağçalarda maliyyə yardımları ayırmaq bir az çətin olur. Ona görə də məcburən dövlətin tikib istifadəyə verdiyi bir çox bağçaların inkişaf etməsi və fəaliyyətini davam etdirməsi üçün özəlləşdirməyə ehtiyac var. Bu səbəbdən təyinatı dəyişmədən məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsini mümkün hal hesab edirik”.
Mürtəza
Gununsesi.info












