Özbəkistanda seçicilərin 52 %-dən çoxu səs verib -YENİLƏNDİ

  • By admin
  • 09 İyul 2023 14:51

Özbəkistanda növbədənkənar prezident seçkilərində səs verənlərin sayı 10 052 289 nəfərə çatıb ki, bu da ümumi seçicilərin (19 270 212 nəfər) 52,16%-ni təşkil edir.

Məlumata görə, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Bahrom Kuçkorov deyib.

Qeyd edək ki, bu gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir.

Ölkədə seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 7:00) açılıb və 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanacaq.

11:55

Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 11:00-da prezident seçkilərində qeydə alınmış seçicilərin 33,54%-dən çoxu səsvermədə iştirak edib. Bununla da qanunvericiliyə əsasən, ölkədə prezident seçkiləri baş tutmuş sayılır.

Gununsesi.info xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Bahrom Kuçkarov bildirib.

“Alınan məlumatlara görə, yerli vaxtla səhər saat 11-də 6 milyon 463 min 874 seçici səs verib ki, bu da 33,54 faiz təşkil edir”, – Kuçkarov deyib.

O xatırladıb ki, Seçki Məcəlləsinə əsasən,seçicilərin azı 33 faizi seçkilərdə iştirak etdikdə seçkilər baş tutmuş sayılır.

MSK-nın yenilənmiş məlumatlarına əsasən, vahid seçici siyahısında 19 milyon 414 min 914 nəfərə yaxın seçici qeydə alınıb.

11:30

Özbəkistanda növbədənkənar prezident seçkilərində 24 ölkədə yaşayan 3 minə yaxın vətəndaş səs verib, digər ölkələrdə isə səsvermə hələ başlamayıb.

Məlumata görə, bunu Özbəkistanın xarici işlər nazirinin müavini Bahromjon Djoraboeviç Aloev ölkədən kənarda seçki məntəqələrində səsvermə prosesi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, xaricdə yaşayan və ya müvəqqəti olan ölkə vətəndaşları 39 şəhərdə səfirlik və konsulluq idarələrində yaradılmış 56 seçki məntəqəsində səs vermək hüququna malikdirlər.

“Vətəndaşlarımızın prezident seçkilərində iştirak etmələri üçün xaricdə seçki məntəqələrinin təşkili istiqamətində zəruri tədbirlər görülüb və xeyli iş görülüb”, – nazir müavini vurğulayıb.

Aloev əlavə edib ki, seçkilərdə müşahidəçi qismində 47 ölkədən 800-dən çox xarici nümayəndə iştirak edir.

09:51

Özbəkistanda növbədənkənar prezident seçkilərində ölkənin diplomatik və digər nümayəndəliklərinin nəzdində təşkil olunmuş 39 xarici ölkədəki 56 məntəqə istisna olmaqla, demək olar ki, bütün 10 784 seçki məntəqəsində səsvermə başlayıb.

Gununsesi.info xəbər verir ki, seçkilərdə onlarla dövləti və beynəlxalq təşkilatı təmsil edən 800-ə yaxın beynəlxalq müşahidəçi, o cümlədən 1500-ə yaxın yerli və xarici jurnalist akkreditasiyadan keçib.

Qeyd edək ki, Özbəkistan Xalq Demokratik Partiyasından İnoyatov Uluqbek İlyasoviç, Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, “Adolat” Sosial Demokrat Partiyasından Mahmudova Robaxon Anvarovna, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyev seçkilərdə prezidentliyə namizəddirlər.

Gununsesi.info