“Özbaşlnalıqlara biganə qala bilmirəm…” - MURAD ARİF HƏM DƏ DEYİR Kİ, SOSİAL ŞƏBƏKLƏR ONUN "ZƏİF" YERİDİR

  • By admin
  • 18 Mart 2017 10:56

MURAD ARIF-2

Tanınmış gənc müğənni və teleaparıcı  Murad Arifin Gununsesi.info-ya müsahibə verib, sənətindən, keçdiyi yoldan və gələcək işlərindən söz açıb.

Gununsesi.info onunla müsahibəni təqdim edir: 

“Yalnız musiqi adamıyam…”

–  Murad müəllim, bir çox sahədə fəaliyyət göstərirsiniz: həm aparıcı, həm bəstəkar, həm müğənni. Bu, sizi yormur ki? 

– Sevdiyim işdir… Sevərək gördüyün iş yalnız zövq verir. Amma bu fəaliyyətlərimi müxtəlif sahə hesab etmirəm… Hər üç sahədə musiqiylə məşğul oluram. Musiqi yazıram, mahnı oxuyuram və yaxud, musiqilərlə bağlı verilişlər təqdim edirəm! Deməli, mən yalnız musiqi sahəsiylə məşğul oluram. Yalnız musiqi adamıyam (gülür).

“İntizamlı olmaq  mənim xarakterimdir”

 – Ümumiyyətlə, çox nizam-intizamlı insansınız, yoxsa, bütün bu uğurları təəssadüf nəticəsində əldə etmisiniz? 

– Təsadüflərə inanmıram. Ən kiçicik nəticə arzu, məqsəd və zəhmətlə əldə olunur. İntizamlı olmaq isə mənim xarakterimdir. Bu da uğur qazanmağa yardımçı bir keyfiyyətdir.

 – Bəs, bu üç peşədən içində ən çox sizi özünə çəkən hansıdır? 

– Belə cavab verərdim… Bu gün uğurlu mahnılar oxumaq əsas istəyimdir. Demək ki, ən çox ifaçılığa həvəsliyəm… 

“Bir qələmdə silə bilmərəm hər şeyi…”

– Bu sahənin gözəllikləri olduğu qədər, çirkinlikləri də çoxdur. Heç olubmu ki, başınızı götürüb, getmək istəmisiniz?

– Hmmm…. Zaman-zaman olur. Amma belə qərarları heç vaxt ciddi qəbul etmirəm. Mən şöhrətim üçün, tələbatlı olmaq üçün çox əziyyətlər çəkdim. Bir qələmdə silə bilmərəm hər şeyi…

– Musiqiyə bu qədər bağlılıq sizə ailənizdən gəlir, ya necə? 

– Qısa desəm musiqi içində oldum hər zaman… Atam Füzulidən, anam Şuşa-Ağdamdan… Valideynlərim Rəşid, Müslim heyranı olub… Bacılarım klassik musiqi ilə məşğul olub. Könül Arifqızı konservatoriya bitirib. Gözümü açıb evdə Motsart, Bax, Şopen eşitmişəm… 

“Sosial şəbəkələr mənim zəif yerimdir”

– Bu qədər işin arasında sosial şəbəkələrdə də çox aktivsiniz. Necə vaxt çatdırırsınız? 

– Sosial şəbəkələr mənim zəif yerimdir. Hər gün insanlarla paylaşmaq, bölüşmək zərurəti hiss edirəm. Özümə Etiraf edirəm ki, bu, mənim mənfi tərəfimdir. Azaldacağam…

“Özbaşlnalıqlara biganə qala bilmirəm…”

– Mən sizi izləyirəm və bilirəm ki, bir çox məşhurdan fəqli olaraq, mövqeyi olan sənətçisiniz. Sizcə, indi niyə sizin kimi məşhurlar azdır?.. Demək olar ki, bir neçə sənətçidən başqa, cəmiyyətdə baş verən proseslərə münasibət bildirən yoxdur… 

– Kimsə sosial problemi ifadə etməkdən qorxur, kimsə ifadə etmək savadına malik deyil, kiminsə də sadəcə, vecinə deyil. Mən isə teleradio jurnalistikasından gəlirəm deyə, bir çox şeyə, özbaşlnalıqlara biganə qala bilmirəm. Bəlkə də hələ böyüməmişəm, bilmirəm… Amma “deyingən məşhur” imicini qazanmaq istəməzdim. Sadəcə, bu, cəmiyyəti daha ziyalı, daha bilikli və mərhəmətli görmək istəyidir… 

murad_arif -1

“Mahnılarımı 7-10 min arası satırırdım…”

–  Bəstəkar kimi mahnılarınızı çox baha qiymətə satırsınız? 

– 7-10.000 arası… Lakin, son 2 ildir yalnız özümə yazıram. Odur ki, məndən mahnı istəməsinlər!

– Son zamanlarda nə bəstələyirsiniz, nə oxuyursunuz hitə çevrilir: bunun bir düsduru var?

– Təkrar deyəcəyəm ki, uğurun düstürü Zəhmətdir. Şans və təsadüflərə inanmıram… Bir də ki işə olan sevgi çox vacibdir. Mən pul üçün, məslək xatirinə deyil, sevgiylə yazıb oxuyuram. Zövq alıram işimdən…

“Təklifləri rədd etmişəm…”

–  Bəs, bütün bu işlərin yanında filmə də çəkilmək fikriniz var?

– Yox. Çox təklifləri rədd etmişəm… Nə zamansa çəkilsəm bilin ki, yaxşı qonorar xatirinə çəkildim. Amma yaradıcı marağım yoxdur aktyorluğa…

murad_arif

“Xoşbəxtliyimi nəzərə gətirmək istəmirəm”

 – Çox gözəl nümunəvi ailəniz var. Amma bir çox həmkarınızdan fərqli olaraq, kameralar önündə çox olmur ailəniz. Bu, onların seçimidir, ya, sizin?

– Bu, bizim birgə qərarımızdır. Şəxsi həyatımın ictimaiyyətə heç bir dəxli olmamalı… Bir də hələ ki, Murad Arif mahnılarla maraqlıdır. Özüm tələbatlıyam deyə, əlavə reklama ehtiyac qalmır. Bir də ki, xoşbəxtliyimi nəzərə gətirmək istəmirəm. Sakit, səmimi və mehriban ailəm var. Mediadan uzaq olunca daha rahat olur. 

 – Qısa bir müddətdə çox çəki atdınız, bu ,sizə çətin olmadı ki?

– 3 ilə 30 kilo getdi. İlk 20 kilo Leyla Zülfüqarovanın pəhriziylə getdi. son 10 kilo isə meditassiya üsulu ilə… Mənim arıqlamaq üçün səvəbim var idi. Müğənnilik arzusu. 

 – Gələcək planlarınız nələrdir?

– Çoxlu yaxşı mahnılar oxumaq, kliplər çəkmək və ilk solo konsertimi keçirmək. Şəxsi həyatımda isə yalnız stabillik istəyirəm. Qoy, hər şey belə də davam etsin!

Dilarə Zamanova

Gununsesi.info