PA-nın məsul işçiləri Qazaxda vətəndaşlarla görüşüb

Prezident Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 26-da Mingəçevir şəhərində, Ağdaş, Hacıqabul, Kürdəmir və Qazax rayonlarında vətəndaşlarla görüşlər keçirilib.

Gununsesi.org xəbər verir ki, Qazaxda keçirilən görüşdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Görüşlərdə qeyd olunub ki, son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar dövlət başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Həmçinin görüşlərdə məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb.

Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Prezidentə minnətdarlıqlarının çatdırılmasını xahiş ediblər.