PA rəsmisi: “Uğurlarımız torpaqlarımızın tam işğaldan azad edilməsinə kifayət etmir”

  • By admin
  • 10 Fevral 2017 12:02
pa
“Azərbaycan azadlıq və müstəqillik uğrunda çox çətin yol keçib. Bu yol Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə daha keşməkeşli bir səciyyə daşıyıb”.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bu gün Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Ə.Mehdiyev bildirib ki, bu işğalın ağır nəticələrinin aradan qaldırılması və Azərbaycanın haqq səsinin dünya ictimiayyətinin diqqətinə çatdırılması istiqamətində dövlətimizin səyləri bu gün də davam edir: “Öz səsimizi qaldırmışıq və bu iş aparırıq. Müharibə gedişində Ermənistan tərəfindən Azərbaycan xalqı na qarşı törədilən ən ağır cinayətlərdən biri Xocalı soyqırımıdır. Biz öz səsimizi qaldırmağa və təcavüzün nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışmışıq, bununla bağlı çoxsaylı tədbirlər görülüb. Bu sahədə Azərbaycanın haqq səsinin qaldırılması, beynəlxalq ictimaiyyətə çatdırılması məhz Heydər Əliyevin təşəbbüsü ilə aparılıb”.
Onun sözlərinə görə, Xocalı soyqırımı ən ağır cinayətlərdən biridir: “Azərbaycan dövləti siyasi iş, informasiya mübarizəsi aparır. Bu məsələyə hüquqi qiymət verilməyib. Yəni, bu iş bu gün də aktuallığını saxlayır. Ermənilərin Azərbaycana qarşı törədikləri, o cümlədən Xocalı faciəsi hər bir vətəndaşın, dövlət qurumunun qarşısında duran əsas məsələdir. Beynəlxalq aləmdə də Xocalı soyqırımı sülh və insanlığa qarşı ən ağır cinayət kimi qiymətləndirilir. Biz də bundan istifadə edərək ölkəmizə qarşı törədilən cinayət işinin günahkarları cəzalandırmağa çalışmalıyıq. Çalışmalıyıq ki, hüquqi müstəvidə mübarizə aparaq, haqq səsimizi dünyaya çatdıraq. Hərbi Prokurorluqda bununla bağlı cinayət işi başlanıb, iş davam etdirilir. Cinayətkarlar məlumdur, onlar İnterpol xətti ilə axtarışa verilib. Burada çox faktlar məlumdur.
Onu törədən vaxtilə Ermənistan rəhbərliyində təmsil olunan şəxslər – keçmiş prezident Köçəryan, indiki rəhbər Sarkisyan və digər şəxslərdir. Onların çoxları da öz çıxışlarında günahlarını gizlətməyə çalışmırlar. Sarkisyan bu işdə yaxından iştirak etdiyini etiraf edərək əməllərinə bəraət qazandırmağa çalışıb”.
Ə.Mehdiyev xatırladıb ki, bu gün qarşıda duran vəzifə siyasi informasiya mübarizəsi işini gücləndirmək, məsələyə beynəlxalq qiymətin verilməsinə nail olmaqdır: “Aparılan işlərin nəticəsində Xocalı qətliamını rəsmi şəkildə tanıyan ölkələrin sayı artır. Bu,  informasiya sahəsində aparılan işlərin nəticəsidir. ABŞ-da da bu sahədə geniş fəaliyyət aparılır. Artıq ABŞ-ın 20-dən artıq ştatı bunu qətliam kimi qəbul edib və bu fəaliyyət davam etdirilir. Bu gün xeyli uğurlar qazansaq da, təcrübə göstərir ki, qalib çıxmağımız, torpaqlarımızın azad olunması ona lazımı qiymətin verilməsi üçün kifayət etmir. Biz işimizi daha da intensivləşdirməli və məsələyə hüququn qiymətin verilməsinə dair işlərimizi davam etdirməliyik. Bu baxımdan “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsini yüksək qiymətləndirirəm. Bu sənəd hüququ baxımdan işlərin yekunlaşmasına öz töhfəsini verəcək ki, bunu törədənlərin cəzalandırılmasına nail olaq, ərazi bütövlüyümüzü pozanlara qarşı zəruri işlərimizi görə bilək”.
Mürtəza
Gununsesi.info