Pakistan əfqan miqrantları ölkələrinə geri göndərir

  • By Admin2
  • 08 Fevral 2025 14:00

Pakistan qeyri-qanuni əfqan miqrantları geri qaytarmaq üçün səyləri sürətləndirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Geo News-un xəbərinə görə, iki yüksək vəzifəli məmur baş nazirlik tərəfindən göndərildiyi və qeyri-qanuni əfqan miqrantların öz ölkələrinə geri göndərilməsini nəzərdə tutan təlimatı təsdiqləyib.

Təlimatlara əsasən, Pakistanın əfqan mühacirlərə verdiyi “Əfqanıstan vətəndaşı vəsiqəsi” sahibləri paytaxt İslamabad və Ravalpindi şəhərlərindən “dərhal başqa yerə” köçürüləcək, sonra isə öz ölkələrinə göndəriləcək.

İslamabad və Ravalpindidən “şəxsiyyət vəsiqəsi” olan əfqanlar da çıxarılacaq. Son qərarlara əsasən, onların ölkədə qalmaq hüququ iyunun 30-dək uzadıldığı üçün həmin şəxslərin yeni yerləri daha sonra müəyyən ediləcək.

Bundan əlavə, “üçüncü ölkələrlə əlaqəsi olan əfqan miqrantlar” kimi müəyyən edilənlər martın 31-dək İslamabad və Ravalpindidən çıxarılacaq və onların köçürülməsi üçün ölkədəki xarici nümayəndəliklərlə əlaqə saxlanılacaq. Xarici nümayəndəliklərlə əlaqə uğursuz olarsa, bu miqrantlar da Əfqanıstana geri göndəriləcək.

Pakistanın Baş Nazirlik Ofisi bu göstərişi daxili və xarici işlər nazirliklərinə və Xidmətlərarası Kəşfiyyat (ISI) Mərkəzinə göndərib.

Pakistan Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Zabiti Vasim Əkrəm və Baş Nazirlik Ofisinin mətbuat müşaviri Məhəmməd Ərşad Munir direktivin məzmununun düzgün olduğunu bildiriblər.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, Pakistanda təxminən 1,34 milyon əfqan qaçqın və 468,8 min qeyri-qanuni əfqan miqrant var . 2023-cü ildən bəri 820 mindən çox əfqan qaçqın öz ölkələrinə qayıdıb.

Orxan Saffari

Gununsesi.info