“Pakistan və İran öz aralarında kiçik məsələləri dialoq və diplomatiya yolu ilə həll edə bilərlər”.
Gununsesi.info bildirir ki, bu barədə Pakistan hökumətinin başçısının mətbuat xidməti xəbər veri. Bu barədə baş nazir Ənvarul Haq Kakarın rəhbərliyi ilə İslamabadda keçirilən Pakistan Milli Təhlükəsizlik Komitəsinin iclasında bildirilib.
Görüş iştirakçıları vəziyyətin tam təhlilini aparıb və Pakistan Silahlı Qüvvələrinin milli suverenliyin əsassız və qeyri-qanuni pozulmasına peşəkar cavabını yüksək qiymətləndiriblər.
İclasda Pakistanın suverenliyi və ərazi bütövlüyünün tamamilə toxunulmaz və müqəddəs olduğu, hər hansı bəhanə ilə onun pozulması cəhdinin dövlətin bütün gücü ilə qarşılanacağı vurğulanıb.
Xəbərdə deyilir ki, görüşdə hər iki ölkənin dialoq və diplomatiya yolu ilə kiçik məsələləri aradan qaldıra və tarixi əlaqələrin daha da dərinləşməsinə yol aça biləcəyi qənaətinə gəlinib.
Milli Təhlükəsizlik Komitəsi qeyd edib ki, Pakistan və İran arasında bir-birinin təhlükəsizlik problemlərinin həlli və regional sülh və sabitlik maraqları naminə qarşılıqlı şəkildə istifadə edilməli olan çoxsaylı kommunikasiya kanalları mövcuddur.
Görüşdə çıxış edən Kakar qeyd edib ki, İran və Pakistan arasında tarixən qardaşlıq münasibətləri olub.
“İslamabad və Tehran arasında münasibətlərin yanvarın 16-dakı status-kvona qaytarılması üçün addımlar atmaq hər iki ölkənin maraqlarına uyğundur. Bu kontekstdə Pakistan İranın gördüyü bütün müsbət tədbirləri alqışlayacaq və qarşılıq verəcək”, – deyə baş nazir vurğulayıb.
Yanvarın 16-da İranın “Tasnim” xəbər agentliyi “Ceyşul Ədl” təşkilatının düşərgəsinə raket hücumları və İHA hücumları barədə məlumat yayıb.
Pakistan Xarici İşlər Nazirliyi hücumu pisləyib, iki uşağın öldüyünü, daha üç uşağın yaralandığını bildirib.
Yanvarın 17-də Pakistan Tehrandakı səfirini geri çağırıb və Tehrana səfər edən İran səfirinə bir müddət İslamabada qayıtmamağı tövsiyə edib.
Hətta daha sonra Pakistan İrandakı “terrorçu hədəflərə” zərbələr endirdiyini elan edib. Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Bu səhər Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və dəqiq hədəflənmiş bir sıra hərbi zərbələr endirib”.
Nazilik qeyd edib ki, Sistan və Bəlucistan əyalətində “terror sığınacaqlarına” qarşı bir sıra gizli hərbi hücumlar həyata keçirilib və kəşfiyyat əməliyyatı zamanı çoxlu sayda “terrorçu” məhv edilib.
Pakistan ordusunun rəsmiləri Anadolu agentliyinə bildiriblər ki, təyyarələr və pilotsuz uçuş aparatları (PUA) İranın təxminən 20 kilometr dərinliyində uçaraq “terrorçuların” gizləndiyi yerlərə zərbələr endirib.
İran bildirib ki, Pakistanın İranla sərhəd bölgəsinə raket hücumu nəticəsində üçü qadın və dördü uşaq olmaqla doqquz nəfər həlak olub.
Gununsesi.info