Pakistan hökuməti İmran Xanı terrorçuluqda ittiham edir

  • By admin
  • 23 Avqust 2022 11:28

Pakistan hökuməti keçmiş Baş Nazir İmran Xanın çıxışlarının canlı yayımını qadağan edərək onu terrorçuluqda ittiham edib.

Addım baş verənləri “repressiv siyasət” kimi qiymətləndirən tənqidçilərin qınağına səbəb olub.

Aprel ayında parlamentdə etimadsızlıq səsverməsində hakimiyyətdən devrildikdən sonra 70 yaşlı Xan müxalif “Pakistan Təhrik-i-İnsaf” (PTI) partiyasının böyük anti-hökumət mitinqlərində mütəmadi olaraq çıxış edib.

O, şənbə günü paytaxt İslamabadda keçirilən kütləvi mitinqdə çıxış etdikdən bir neçə saat sonra Pakistan Elektron Media Tənzimləmə Təşkilatı (PEMRA) ölkədəki televiziya kanallarına gələcəkdə Xanın canlı çıxışlarını göstərməməyi əmr edib. PERMA yalnız Xanın əvvəlcədən yazılmış çıxışlarını yayımlamağa icazə verib.

PERMA öz bəyanatında müxalifət liderinin “dövlət qurumları və zabitlərinə qarşı təxribat xarakterli bəyanatları ilə əsassız iddialar səsləndirdiyini və nifrət nitqi yaydığını” iddia edib.

Bəyanat Xanın şənbə günü həbsdə olan yaxın köməkçisi Şahbaz Gilin işgəncəyə məruz qalması ilə bağlı yüksək rütbəli polis məmurlarına və qadın hakimə qarşı iddia qaldıracağına dair qərarına cavab olaraq verilib.

Pakistanın Daxili İşlər Naziri Rana Sənaulla bazar günü Gilə işgəncə verilməsi ilə bağlı ittihamları rədd edib.

“Mən daxili işlər naziri kimi tam məsuliyyətimlə təsdiq edə bilərəm ki, Gil polis nəzarətində olarkən ona heç bir işgəncə verilməyib,” o, İslamabadda keçirilən mətbuat konfransında bildirib.

Xan öz tənqidlərini təkrarlamaq üçün İslamabada bitişik qarnizon şəhəri Ravalpindidə daha bir böyük mitinqdə çıxış edib. Lakin çıxış canlı yayımlanmayıb və iddialara görə, Pakistan rəsmiləri çıxışın yayımlanmaması üçün YouTube xidmətini də bloklayıb.

“Faşist hökuməti Liaqat Bağdakı çıxışımın televiziya ilə canlı yayımını qadağan etməklə və sonra YouTube-u müvəqqəti bloklamaqla bu gün daha bir aşağı səviyyəyə düşdü. Bütün bunlar media nümayəndələrinə davamlı hədə-qorxu gəlinməsi və kanalların efirdən çıxarılmasından sonra baş verib,” Xan mitinqdən sonra Twitter hesabında yazıb.

“Bu, təkcə söz azadlığının kobud şəkildə pozulması deyil, həm də rəqəmsal media sənayesinə və bir çoxlarının dolanışıq vasitələrinə mənfi təsir göstərir,” o yazıb.

Hökumət YouTube xidmətinin dayandırılmasının arxasında dayandığı barədə iddialara münasibət bildirməyib.

Gununsesi.info