Pakistan İran ərazisinə aviazərbələr endirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Xarici İşlər Nazirliyi zərbələrin endirildiyini təsdiq edib.
Nazirliyin məlumatına görə, ölkə “Marg Bar Sarmachar” adlı antiterror əməliyyatı həyata keçirib və İranın Sistan və Bəlucistan vilayətində terrorçulara hücum edib. Nəticədə iki ölkə sərhədində partlayışlar qeydə alınıb. Bir neçə terrorçunun zərərsizləşdirildiyi iddia edilir.
İran mediası isə hücum zamanı 3 qadın və 4 uşağın həlak olduğunu, zərbələrin raket və pilotsuz uçuş aparatları ilə endirildiyini yazıb.
“Reuters” agentliyinin məlumatına görə, Pakistanın Hərbi Hava Qüvvələrinin təyyarələri gecə İranda hədəflərə zərbə endirmək üçün ölkənin hava məkanına daxil olub. Bildirilir ki, təyyarələr hücumdan sonra Pakistan ərazisinə geri dönüb. Əməliyyatda neçə təyyarədən istifadə olunduğu açıqlanmayıb.
Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Zərbələrin ardınca Pakistan İrana nota verib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Pakistan daha sonra İrandakı səfirini geri çağırıb.
Gununsesi.info