Pakistan məhkəməsi İmran Xanı girov müqabilində azad edə bilər

Pakistan məhkəməsi iyunun 11-də ölkənin sabiq baş naziri İmran Xanın və onun xanımının girov müqabilində azad edilmələri haqqında xahişi nəzərdən keçirəcək. Onlar daşınmaz əmlakla bağlı maliyyə fırıldaqları işi üzrə mühakimə olunublar.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Məlumatda deyilir: “İslamabad Ali Məhkəməsi iclası iyunun 11-nə təyin edib. Pakistanın bütün müxalif qüvvələri hökmün təxirə salınacağına və İmran Xanın girov müqabilində azadlığa buraxılacağına ümid bəsləyirlər”.

Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə başçılıq edib. Parlamentdə ona qarşı etimadsızlıq elan ediləndən sonra vəzifəsindən uzaqlaşdırılıb. 2023-cü ildən etibarən dövlət xəzinəsində saxlanılan xarici ölkələrdən hədiyyələrin satışı hökmü ilə həbs cəzası çəkir.

Lakin daha əvvəl məhkəmə ona dövlət sirrinin açıqlanması işi üzrə bəraət verib.

 

 

Gununsesi.info