Pakistanda polis məntəqəsinə silahlı hücum: Çoxlu sayda ölən və yaralılar var

  • By admin
  • 05 Fevral 2024 17:14

Pakistanın Hayber Paxtunxva əyalətində polis məntəqəsinə hücum nəticəsində 10 polis əməkdaşı həyatını itirib, 6 polis əməkdaşı yaralanıb. Hücum ölkədə fevralın 8-də keçiriləcək ümumi seçkilər öncəsi təhlükəsizlik narahatlığını artırıb.

Gununsesi.info xəbər verir ki, yerli vaxtla saat 03:00 radələrində Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan rayonunda polis məntəqəsinə silahlı və bombalı hücum təşkil edilib. Polisdən verilən açıqlamada hücumda ən azı 10 polisin öldüyü, 6 polisin yaralandığı bildirilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılarkən, aralarında snayperlərin də olduğu hücum edənlərin hadisədən sonra qaçmağı bacardıqları öyrənilib.

Polis ərazidəki yolları nəqliyyatın hərəkəti üçün bağlayıb və hadisə yerini mühasirəyə alıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Yanvarın 30-da Bəlucistan əyalətində keçmiş baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatının (PTI) seçki konvoyuna hücum nəticəsində 4 nəfər həyatını itirib.

Gununsesi.info