Pakistanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

  • By admin
  • 18 Yanvar 2024 13:08

İran Xarici İşlər Nazirliyi Pakistanın Tehrandakı müvəqqəti işlər vəkilini çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, diplomat Pakistanın İranın Sistan və Bəlucistan əyalətinə son hərbi hücumu ilə bağlı aydınlıq gətirmək üçün çağırılıb.

Pakistan İranla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində “terrorçuların sığınacaqlarına” zərbələr endirib. Bunu daha əvvəl Pakistan Xarici İşlər Nazirliyi bəyan edib.

Agentliyin məlumatına görə, kod adı “Marg Bar Sarmachar” olan əməliyyat mövcud kəşfiyyat məlumatları əsasında həyata keçirilib. Zərbələr nəticəsində “bir neçə terrorçu məhv edilib”, – Pakistan Xarici İşlər Nazirliyi bildirib.

İran hakimiyyəti isə öz növbəsində bildirib ki, Pakistanın İran ərazisinə raket hücumu nəticəsində üç qadın və dörd uşaq həlak olub.

Bundan əvvəl İran Pakistanın Bəlucistan əyalətindəki “Ceyş əl-Ədl” düşərgələrinə raket və PUA-dan zərbələr endirib.

Gununsesi.info