
Pakistanın Mianvali şəhəri (şimal-şərq Pəncab əyaləti) yaxınlığında hərbi hava qüvvələri bazasına terror hücumu nəticəsində 3 təyyarə və bir tanker zədələnib.
Gununsesi.info xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr (ISPR) məlumat yayıb.
Məlumata görə, üç terrorçu “bazaya soxulmağa cəhd edərkən məhv edilib, daha üç terrorçu hərbçilərin çevik reaksiyası nəticəsində mühasirəyə alınıb”. “Onların zərərsizləşdirilməsi” əməliyyatı yekunlaşır.
Hücuma görə məsuliyyəti Pakistan hökumətinə qarşı çıxan və ölkədə “əsl İslam dövləti” yaratmaq uğrunda mübarizə aparan “Təhrik-e-Cihad Pakistan” terror qruplaşması öz üzərinə götürüb.
Bundan əvvəl terrorçular Bəlucistan və Xeyber-Paxtunxva əyalətlərində bir neçə hücum həyata keçiriblər. Onlar Qvadar rayonunda (Bəlucistan) təhlükəsizlik maşınlarının karvanına hücum edib və Dera İsmayıl Xan şəhəri yaxınlığında partlayıcı qurğunu uzaqdan işə salıblar. ISPR-nin məlumatına görə, 17 əsgər həlak olub, 24-ü yaralanıb.
Gununsesi.info