Palata Əbülfəz Qarayevin idarəsində korrupsiya faktları aşkarladı

  • By admin
  • 30 Yanvar 2017 13:55

hesablama-palatasi

Quba rayon mədəniyyət və turizm şöbəsində normativdən artıq ştat vahidləri saxlanılaraq əmək haqqı, 15 nəfər işçiyə artıq ezamiyyə xərci ödənilib.

Gununsesi.info bu barədə Hesablama Palatasının dövlət büdcəsindən Quba rayon mədəniyyət və turizm şöbəsinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı keçirdiyi auditin nəticələrinə istinadən xəbər verir: “Təsdiqedici sənəd olmadığı halda ezam olunmuş şəxslərə 57 halda yol xərci, ezamiyyə günlərinin sayının düzgün hesablanmaması nəticəsində 15 nəfər işçiyə artıq ezamiyyə xərci ödənilib”.

Keçirilən bayram tədbirlərinin proqramları tərtib olunmadan və zəruri sənədləşmə aparılmadan vəsait xərc edilib, eləcə də Şöbənin funksional fəaliyyətinə aid olmayan bir sıra mal-materiallar, həmçinin kitabxana işçiləri üçün geyim, şöbənin balansında yaşıllıq sahəsi olmadığı halda isə təsərrüfat inventarları alınıb.

Əmək haqqı üzrə 2014-cü ilin və 2015-ci ilin əvvəlinə əmək haqqı üzrə kreditor borc yaranıb, eyni zamanda büdcədənkənar daxilolmaların təmin edilməsi istiqamətində müvafiq işlər aparılmayıb, normativdən artıq ştat vahidləri saxlanılaraq əmək haqqı ödənilib.

“Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üçün tədris planlar”ının tələblərinə əməl edilməyərək qrupların düzgün formalaşdır ılmaması səbəbindən Uşaq Musiqi Məktəbi üzrə 54 saat, Uşaq İncəsənət Məktəbi üzrə 45 saat artıq dərs yükü tarifləşdirilərək əmək haqqı ödənilib, “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın tələblərinə əməl edilməyərək tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində Mərkəzi Kitabxana sistemi (MKS) üzrə 223 halda, Mədəniyyət evləri və klublar üzrə 18 halda, Quba Tarix Diyarşünaslıq Muzeyi üzrə 15 halda, Uşaq incəsənət və musiqi məktəbləri üzrə 18 halda artıq əmək haqqı ödənilib.

Qeyd edək ki, audit ümumilikdə 5 300,8 min manat məbləğində vəsaiti əhatə edib. Auditlə 2014-2015-ci illərdə və 2016-cı ilin birinci yarım ilində büdcədən ayrılan vəsaitin icra vəziyyəti yoxlanılıb.