Palata “Bank Standard”ın taleyinə aydınlıq gətirəcək

  • Müəllif: admin
  • 03 Oktyabr 2016 12:28

 

bank-standard

Maliyyə Bazarlarına Nəzarət Palatası  Direktorlar Şurasının qərarı ilə lisenziyası ləğv olunmuş “Bank Standard” QSC ilə əlaqədar bu gün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu   Himayəçilər Şurasının  iclası keçiriləcək.

Bu haqda  Gununsesi.info-ya  ADİF-in icraçı direktoru Azad Cavadov məlumat verib.

A.Cavadov bildirib ki, bankın əmanətçilərinə kompensasiyanın ödənilməsi məqsədi ilə borclanma haqqında qərarın qəbul edilməsi gözlənilir. Bundan sonra, Azərbaycan Mərkəzi Bankı ADİF-ə vəsait ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edəcək. Ayrılacaq vəsaitin məbləği və illik faiz dərəcəsi d razılaşdırılacaq.

Xatırladaq ki, “Bank Standard”dakı əmanətlərin məbləği 520 mln. manatdır. Bunun 460 mln. manatını qorunan əmanətlər təşkil edir. Kompensasiya ödəmək üçün ADİF-ə borc verilməsi nəzərdə tutulub. Hələlik isə Fondun dövlətə 118 mln. manat borcu var.

A.Cavadov onu da qeyd edib ki, “Bank Standard”ın ləğvedicisi çox güman ki, rəhbərlik etdiyi qurum olacaq: “Bununla bağlı ADİF-in HŞ-na müraciət olunub və buna etiraz edilməyib”.

Bu baş tutsa, ADİF-in ləğvedici olduğu kommersiya banklarının sayı 10-a çatacaq. Xatırladaq ki, hazırda Fond “Royal Bank”, “Bank of Azerbaijan”, “Atrabank”, “Qafqaz İnkişaf Bankı”, “Texnikabank”, “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin ləğv edilməsi ilə məşğuldur.

Gülnaz Qənbərli

Gununsesi.info