Palata büdcə vəsaitlərinin icrası və əməyin ödənilməsi ilə bağlı nöqsanlar aşkar edib

  • By admin
  • 11 Aprel 2017 16:49
hesablama_palatasi
Hesabalama Palatası hesab edir ki, büdcə vəsaitlərinin istifadəsində yol verilən nöqsanlar  daha çox  büdcə vəsaitlərinin icrası və əməyin ödənilməsində aşkar edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı ilin yekunların həsr olunan hesabatında qeyd olunub. 
 Hesabatda qeyd olunub ki, büdcə sahəsində qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi ilə bağlı nöqsanların tərkibində iki əsas nöqsan qrupunun xüsusi çəkisi daha yüksək olub. Birinci qrup nöqsanlara vəsaitin icrası prosesində Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı ilə müəyyən edilmiş iqtisadi təsnifat kodunun və funksional istiqamətinin dəyişdirlməsi, həmçinin xərclər smetasında nəzərdə tutulmayan və funksional fəaliyyətə aid olmayan istiqamətlərə vəsaitin yönəldilməsi ilə bağlı nöqsanlar aid edilib.
Bu nöqsanların maliyyə həcmi  33,7 mln. manat, o cümlədən 2013-cü ildə 1,6 mln. manat, 2014-cü ildə 4,1 mln. manat, 2015-ci ildə 27,6 mln. manat və 2016-cı ilin birinci rübündə 0,4 mln. manat təşkil edib. Həmin vəsaitin 1,8 mln. manatı və ya 25,5%-i iqtisadi təsnifat kodunun, 17,9 mln. manatı və ya 53,1%-i funksional istiqamətin dəyişdirilməsi ilə icra edilmiş, 7,1 mln. manat məbləğində vəsait isə xərclər smetasında nəzərdə tutulmayan və funksional fəaliyyətə aid olmayan istiqamətlərə yönəldilib.
 
İkinci qrup nöqsanlara gəldikdə isə bu,  əməyin ödənilməsi ilə bağlı müəyyən olunmuş nöqsanlardır və  bu da   31,3% xüsusi çəkiyə malik olub. Əməyin ödənilməsi sahəsində əsasən tarif və ixtisas dərəcələrinin, həmçinin əlavələrin düzgün hesablanılmaması, dövlət qulluğu sahəsində mövcud normativ-hüquqi aktlara tələblərinə riayət olunmaması kimi nöqsanlara yol verilmiş, həmin nöqsanların müəyyən hissəsi artıq saxlanılmış ştatlar, dərs saatları, həmçinin artıq və paralel siniflərin saxlanılması ilə bağlı olub.
 Mürtəza
Gununsesi.info