Palata DSMF-nin bəzi əməkdaşlarını məsuliyyətə cəlb etməyi tələb edir

  • By admin
  • 07 Dekabr 2016 16:04

dsmf-2

Hesablama Palatasının kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq 01.04.2015 – 01.07.2016 dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub.

Hesablama Palatasından Gununsesi.info-ya verilən məlumata görə, audit prosesində risk əsaslı seçmə həyata keçirilib və araşdırma həmin işlər üzrə aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, audit olunan dövr ərzində şöbənin “Yığım” hesabının mədaxili 73 mln. 806 min 796,03 manat, dövrün əvvəlinə qalığı da nəzərə almaqla məxarici isə 73 mln. 954 min 554,51 manat təşkil edib.

Sığortaedənlərin və sığortaolunanların qeydiyyatı və uçotu, əsasən mövcud qanunvericiliyin tələblərinə uyğun aparılıb, 01.07.2016-cı il tarixə şöbədə 29 701 sığortaedən qeydiyyatda olub ki, onlardan da 14 869 sığortaolunan üzrə 299 hüquqi şəxsin, 688 sığortaolunan üzrə 1 727 fiziki şəxsin və 908 torpaq mülkiyyətçisi olmaqla cəmi 2 934 sığortaedənin fəaliyyəti olub.

Audit olunan dövr ərzində şöbənin məcburi dövlət sosial sığorta haqları, penya və maliyyə sanksiyaları üzrə gəlirləri ümumilikdə 12 mln. 969,1 min manat təşkil edib, həmin vəsaitin də 12 mln. 878,5 min manatı və ya 99,3%-ini məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdən, 87,5 min manatını və ya 0,7%-ini penyalardan, 3,1 min manatı isə digər gəlirlərdən ibarət olub.

Audit olunan dövr ərzində məcburi dövlət sosial sığorta haqqı hesabına ümumilikdə 658 min 175,34 manat məbləğində müavinət, işləməyən pensiyaçılar üzrə ümumilikdə 384 min 329,45 manat məbləğində dəfn üçün müavinət ödənilib.

Araşdırma zamanı müəyyən edilib ki, məcburi dövlət sosial sığorta haqları üzrə mövcud potensialdan tam istifadə edilməyib, sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənişində nöqsanlar olub, debitor borcların aradan qaldırılması istiqamətində şöbənin fəaliyyəti qənaətbəxş olmayıb, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilməyib.

Əmək pensiyalarının təyinatı və ödənişi araşdırılarkən müəyyən edilib ki, audit olunan dövr ərzində 1 499 yeni pensiya təyinatı aparılıb, 7 pensiya işi fondun digər rayon şöbələrindən daxil olub, 30 pensiya işi fondun digər rayon şöbələrinə göndərilməsi, 149 pensiya işi 5 il müddətin bitməsi, 1 515 pensiya işi isə pensiyaçının vəfatı ilə əlaqədar olaraq uçotdan çıxarılıb.

Yeni təyin olunmuş pensiya işlərinin 884-ü və ya 59%-i yaşa görə, 470-i və ya 31,3%-i əlilliyə görə, 145-i və ya 9,7%-i ailə başçısının itirilməsi səbəbindən təyin edilmiş pensiya işləri olub.

İyul ayının 1-ə şöbə üzrə 29 697 pensiya işi, o cümlədən 17 393 ədəd yaşa görə (58,6%), 9 536 ədəd əlilliyə görə (32,1%) və 2 768 ədəd ailə başçısını itirmiş ailələrin (9,3%) pensiya işi mövcud olub.

Pensiya təyinatı və ödənişi üzrə bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, onların əmək fəaliyyəti ilə məşğul olub-olmadıqları ətraflı araşdırılmadan, düzgün hesablamalar aparılmadan pensiya təyinatı aparılmış, sığorta stajının, ailə başçısının itirilməsinə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin düzgün nəzərə alınmaması, vəfat etmiş şəxsin sığorta stajı üzrə hesablanmış pensiya məbləğinin ailə başçısının itirilməsinə görə əmək pensiyası hüququ olan ailə üzvləri arasında düzgün bölüşdürülməməsi, pensiyanın baza hissəsinin düzgün hesablanmaması kimi nöqsanlara yol verilib.

Pensiya islahatlarının aparılması və fərdi uçot sisteminin tətbiqi vəziyyəti araşdırılarkən müəyyən edilib ki, B1 formalı “Sığortaedənin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı” bəzi sığortaedənlər tərəfindən vaxtında təqdim edilmir ki, bu vəsaitlərin fərdi hesablara işlənilməsinə maneə yaradır.

Hesablama Palatasının şöbəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Palataya məlumat verilməsi məqsədilə müvafiq təqdimat Lənkəran şəhər şöbəsinə, kollegiya qərarının surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.

Gununsesi.info