Pambıq əkininə 300 milyon manat dövlət vəsaiti xərclənib - MALİYYƏ NAZİRLİYİ

  • By admin
  • 11 Yanvar 2018 17:40

2017-ci ilin dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 2 milyard 690 milyon manat vəsait yönəldilməklə, nəzərdə tutulan bütün layihələrin maliyyələşdirilməsi təmin edilib.

Gununsesi.info xəbər bunu Maliyyə Nazirliyinə istinadən xəbər verir.

İnvestisiya xərclərindən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 651,0 milyon manat, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 milyard 237 milyon manat vəsait ayrılıb.

Hesabat dövrü ərzində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 67,0 milyon manat vəsait sərf edilib. Bu, 2016-cı illə müqayisədə 35,0 milyon manat və ya 2,1 dəfə çoxdur.

Bundan əlavə, kənd təsərrüfatına dövlət dəstəyinin daha da artırılması, pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və heyvandarlığın kompleks inkişafının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi üçün 2017-ci ilin dövlət və icmal büdcələrindən üst-üstə 581,0 milyon manat vəsait ayrılıb. Pambıqçılığa dəstək məqsədilə xüsusi təyinatlı kənd təsərrüfatı texnikalarının alınmasına son iki ildə dövlət büdcəsindən 295,0 milyon manat vəsait ayrılıb, pambıq istehsalına görə 30,0 milyon manatadək subsidiya verilib. Kənd təsərrüfatı dövriyyəsinə əlavə suvarılan torpaq sahələrinin daxil edilməsi, meliorativ sistemin müasir tələblər səviyyəsinə uyğun modernləşdirilməsi və mütərəqqi suvarma üsullarının tətbiqi üçün 2017-ci ilin dövlət və icmal büdcələrindən ayrılan vəsait və xaricdən cəlb edilmiş kreditlər hesabına cəmi 461,0 milyon manat vəsait yönəldilib.

Vüsalə

Gununsesi.info