Pambıq planında kəsir var

  • By admin
  • 08 Noyabr 2017 10:48

 

Dövlət Statistika Komitəsinin təqdim etdiyi operativ məlumata əsasən 7 noyabr 2017-ci il tarixə qədər ölkədə 136,5 min hektar sahədən 168,5 min ton pambıq tədarük olunub. Bu o deməkdir ki, bu müddət ərzində hər hektar sahədən 1253 kiloqram pambıq yığılıb.
Gununsesi.info xəbər verir ki, bu haqda kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib.
V.Məhərrəmov qeyd edib ki,  2015-cı ilin eyni dövrü ərzində hər hektardan1603 kiloqram pambıq tədarük olunub:
“2015-ci ilin göstəricisi ilə müqayisədə bu il hər hektardan 28 faiz az məhsul əldə olunub. Onu da xatırladım ki, hələ keçən il Sabirabadda pambıq müşavirəsində hər hektardan 3-3,5 ton, hətta 4 ton pambıq əldə olunacağına söz verilmişdi. Görüləcək tədbirlər üçün dövlət büdcəsindən ayrılan vəsaitlər isə milyonlarla ölçülür”.
Onun sözlərinə görə, bu ilin mart ayında Saatlı şəhərində keçirilən pambıq müşavirəsində pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləndiyi bildirilib: “Pambıqçılığın inkişafı üçü yüz milyonlarla dollar xərcləyən hakimiyyət 4 aya yaxın müddət ərzində hər hektar sahədən 1253 kiloqram pambıq əldə edib. Məqsədi isə hər hektardan 4 ton pambıq yığmaq olub. Bu hesabla qarşıya qoyulan məqsədə nail olmaq üçün ilin 365 günü bəs etməz”.
 
Vüsalə
Gununsesi.info