Pandemiyadan sonra ilk rəsmi səfər

  • By admin
  • 24 İyun 2022 11:04

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana iki günlük rəsmi səfəri Türk dünyası üçün tarixi hadisə hesab olunur. Siyasi şərhçi və politoloqların fikrincə, Azərbaycan liderinin iki illik pandemiya fasiləsindən sonra ilk dövlət səfərini Özbəkistana etməsi təsadüfi deyil və bu addım iki ölkənin dostluq, qardaşlıq münasibətlərindən irəli gəlir.

“Pandemiya ilə əlaqədar mən özümün bütün rəsmi səfərlərimi dayandırdım, iki ildən artıq müddətdə rəsmi səfərlər etmədim. Pandemiya ilə bağlı vəziyyət imkan verəndən sonra mən ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm. Bu, bizim münasibətlərimizin təzahürü, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür”, – dövlət başçısı Daşkənddə Heydər Əliyev Meydanının açılışı mərasimində söyləyib.

Prezident İlham Əliyevin 2 ildən sonra ilk rəsmi səfərini Özbəkistana etməsinin səbəbi nədir? İki günlük səfər zamanı Türk dünyasına hansı mesajlar verildi?

Bu barədə Modern.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Azərbaycan-Özbəkistan Parlamentlərarası Əlaqələr komissiyasının üzvü Zahid Oruc bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri tarixi əhəmiyyətə malikdir:

“Bu səfər həm iqtisadi, həm də siyasi təhlükəsizlik baxımdan xüsusi məna kəsb edir. Bu gün biz bir neçə məsələyə diqqət etməliyik. Bu məsələlər az qala qlobal müharibəyə çevrilən Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır. Münaqişəyə nəhəng dövlətlərin də qoşulması ənənəvi ticarət və siyasi əlaqələrə ciddi zərbə vurur. Qlobal təhlükəsizlik sistemi çökür. Belə olan halda hər bir dövlət özünə dost, müttəfiq dövlət axtarır. Onun elitası və xalqı ilə əlaqələr qurmağa can atır. Əgər hansısa təhlükə yaranarsa, eyni səngərdə çıxış edəcəyi dövləti seçmək istəyir. Çünki bu gün dostların və düşmənlərin yenidən formalaşdığı dönəmdəyik. Sərhədlərin yenidən şəkilləndiyi zamandayıq. Mövcud şəraiti nəzərə alaraq cənab Prezident pandemiyadan sonra ilk rəsmi səfərini dost və qardaş Özbəkistana etdi”.

Zahid Oruc Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çıxışlarına toxunaraq, burada xüsusi məqamların olduğunu söyləyib:

“Biz həmişə xaricdən ölkəmizə səfərə gələn siyasi liderlərin Ümummilli lider Heydər Əliyev haqqında, Azərbaycan xalqı və onun idealları ilə bağlı hansı ifadələrdən istifadə etməsini, qiymətləndirmələrini diqqətlə izləmişik. Tam səmimi deyə bilərəm ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana Prezidentini qarşılayarkən göstərdiyi diqqət, Azərbaycan xalqı, Heydər Əliyev barədə dediyi fikirlər möhtəşəm idi. Eyni zamanda Heydər Əliyev adına park və barelyefin hazırlanması beynəlxalq məkanda, siyasi dairələrdə öz yüksək qiymətini alacaq. Çox parlaq nitq oldu. Əgər 15 iyun Qurtuluş Günü ilə bağlı daxildə kimsə hansısa fikir səsləndirirdisə, Mirziyoyevin bu barədə çıxışı həm də bir xarici baxış oldu. Heydər Əliyevin Səməd Vurğunun misraları ilə başqa bir türk dövlətinin rəhbəri tərəfindən xatırlanması olduqca möhtəşəm hadisədir. Xalqlarımızın din, dil, etnik cəhətdən yaxınlığı, eyni zamanda Heydər Əliyev və Şərəf Rəşidov, sonra Heydər Əliyev ilə İslam Kərimovun dostluğu görüşlərdə bir xətt kimi keçdi. Mən düşünürəm ki, Mirziyoyevin ümumimilli lider Heydər Əliyev barədə çıxışı nəinki türk dövlətlərinin liderlərinə, o cümlədən dünya liderlərinə müsbət nümunədir. Şavkat Mirziyoyev Heydər Əliyevin hərbi miqyasını dərk etdiyi üçün onun haqqında çox əminliklə, səxavətlə çıxış etdi. Eyni zamanda 44 günlük Zəfər münasibətilə xalqımızı təbrik etdi. Bu da bəzilərinə cavab oldu. Çünki bəzi şəxslər türk dövlətlərinin ehtiyyat etdiyini, hətta Azərbaycana təbrik məktubu göndərməkdən çəkildiyini deyirdi. Ancaq Şavkat Mirziyoyevin təbriki Azərbaycanın qələbəsinin xaricdə legitim qələbə kimi qəbul edildiyinin əyani sübutu oldu”.

Zahid Oruc daha sonra Azərbaycan və Özbəkistan arasında imzalanan sənədlərin əhəmiyyətindən söz açıb. Onun fikrincə, bu gün Özbəkistan və Azərbaycanın əlaqələri daha da inkişaf etdirmək üçün geniş imkanları mövcuddur. Deputat, həmçinin qeyd edib ki, hərbi sahədə sənədin imzalanması isə tarixi hadisədir:

“Onu da qeyd etmək istəyirəm ki, Şavkat Mirziyoyevin Əmir Teymur və Heydər Əliyevdən bəhs etməsi, eyni zamanda, Məhəmməd Füzulinin əl yazmasının Azərbaycan Prezidentinə təqdim edilməsi mədəniyyət sahəsində əməkdaşlıq edə biləcəyimizin əyani göstəricisidir. Bu gün Özbəkistanda yaşayan minlərlə azərbaycanlının idarəetmə sistemində çalışıması iki ölkə xalqlarının həqiqətən qardaş xalqlar olmasının sübutudur. Hesab edirəm ki, bu görüşün əks sədası geniş yayılacaq. Ermənistanın da Şavkat Mirziyoyevin qətiyyətini həzm etməkdən başqa seçimi olmayacaq.  İki ölkə liderinin görüşünü tarixi görüş kimi qəbul edirik və imzalanmış sənədlərin uğurla həyata keçiriləcəyinə inanırıq”.

Gununsesi.info