Parisdə qeyri-leqal miqrantların “Həmrəylik gecəsi”

  • By admin
  • 26 Mart 2021 23:43

Fransada qeyri-leqal miqrantlar pis yaşayış şəraitinə etiraz əlaməti olaraq, Parisin mərkəzindəki Respublika meydanında çadırlar qurublar.

Bu barədə Gununsesi.info  “Anadolu” agentliyinə istinadən xəbər verir.

“Həmrəylik gecəsi” adlı aksiyanı yerli hüquq müdafiə təşkilatları dəstəkləyib. Aksiya iştirakçıları arasında çox sayda qadın və uşaq, əsasən Əfqanıstandan olan insanlar olub.

Aksiya təşkilatçıları bəyan ediblər ki, aksiya Fransa hakimiyyətinin diqqətini miqrantların vəziyyətinə cəlb etməyə yönəlib.

“Requisitions” təşkilatının rəhbəri Rza Cəfərinin sözlərinə görə, bu gün Fransada miqrantlar sözün əsl mənasında yaşamaq uğrunda mübarizə aparırlar:

“İnsanlar körpülərin altına yaşayır. Polisdən qorxmurlar. Asayiş keşikçiləri çadırları sökməyə, miqrantları döyməyə, onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə davam edirlər”.

Cəfəri vurğulayıb ki, Fransa polisinin miqrantlara qarşı çoxsaylı zorakılıq kadrları bu Avropa ölkəsinin imicini sarsıdıb.

Xatırladaq ki, Fransa polisi 2020-ci il noyabrın 24-də Respublika meydanında miqrantların çadırlarını söküb, 500-ə yaxın miqrantın dağıdılması zamanı güc tətbiq edib.

Gununsesi.info