Parisdə sufizm mədəniyyətinə həsr olunmuş ilk muzey açılır

  • By Günel
  • 13 Avqust 2024 14:20

Muzey sufi sənətinin tarixi töhfələrini nümayiş etdirən müasir incəsənət sərgiləri ilə diqqət çəkir.

Sufizmin incəsənətinə və mədəniyyətinə həsr olunmuş ilk muzey sentyabrın 28-də Fransanın paytaxtı, Parisdə öz qapılarını ziyarətçilərin üzünə açacaq.

Muzeydə sufi sənəti və mədəniyyət obyektlərinin kolleksiyası, həmçinin müasir incəsənət sərgiləri, söhbətlər, tədbirlər və emalatxanalar proqramı təqdim olunacaq. Bu kolleksiya tarix boyu sufizmin qlobal incəsənət və mədəniyyətə verdiyi töhfələri sərgiləyəcək.

Mövlanə Cəlaləddin Rumi və Hafiz Şirazinin ilham verdiyi musiqi ənənələrindən, Fəriduddin Əttarın yazılarından, tamaşalara və rəsmlərə qədər geniş spektri əhatə edəcək. Kolleksiyanın böyük hissəsi 19-cu əsrdən günümüzə aid olsa da, ən qədim əsərlər Əhəmənilər Pers İmperiyasına (e.ə. 550-330) aiddir.

Muzey üç mərtəbədən ibarət 600 kvadratmetrlik bir sərgi sahəsinə malikdir. Burada, eyni zamanda sufi bağı və arxiv tədqiqat kitabxanası var.

Kolleksiyada olan heykəltəraşlıq, sahəyə aid instalyasiyalar, musiqi, tekstil, xəttatlıq, əlyazmalar, keramika və güzgü mozaikaları kimi bir çox əşya və əsərlər sufizmdə mühüm simvolik mənalar daşıyır. Bunların arasında dərvişlərin səyahət aksesuarı əsasında hazırlanmış böyük qranit kəşkül qabı (1974–76) diqqət çəkir.

Sufiler tarafından kullanılan keşkül kabı.
 (Sufilər tərəfindən istifadə edilən kəşkül qabı G.H)

Əsər İslam Sufizmi Məktəbinin 41-ci ustadı Həzrət Şah Maqsud Sadiq Anqa tərəfindən hazırlanmışdır. Dəniz səyahətləri zamanı meyvə qabığından hazırlanmış kəşkül qabları sufinin mənəvi saflaşma və maarifçilik səyahətini simvolizə edir.

Muzeyin açılış sərgisi olan “Le Ciel interterieur” (“Daxili Səma”) yeddi beynəlxalq müasir rəssamın sufi dəyərləri və mənəvi düşüncə ilə əlaqəli əsərlərini nümayiş etdirir. Əsərlər sufi sənəti və mədəniyyəti kolleksiyasının bir hissəsi kimi sərgilənəcək.

Muzeyin direktoru: “Muzey dinindən və inancından asılı olmayaraq, tamaşaçılar və sənətçilər arasında toplaşmaq üçün bir məkandır. Kolleksiyamızın genişləndirilməsi, müxtəlif proqramlarımız və müasir rəssamlarla əməkdaşlığımız vasitəsil, biz sufizmin mədəni ifadələrini daha geniş şəkildə anlamaq və onlarla məşğul olmaq üçün imkanlar yaratmağa ümid edirik”- deyib.

Müzenin dışarıdan görünümü.
(Muzeyin kənardan görünüşü G.H)

Muzey Parisdə, Sena çayının sahilində, 19-cu əsrə aid malikanədə yerləşir. Tanınmış fransız dizaynerləri Atelier Maciej Fiszer və memarlar Ducatillion Gimel binanın bərpasına nəzarət edərək, onu əlçatan və ekoloji cəhətdən təmiz bir mədəniyyət məkanına çeviriblər.

 

Günel Həsənova

Gününsesi.info