

Azərbaycan demokratik cəmiyyət quruculuğu ilə inkişaf edən bir ölkədir.
Gununsesi.info xəbər verir ki, bu fikri Milli Məclisin (MM) sədr müavini Bahar Muradova media rəhbərləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, ölkə qısa bir müddətdə çox böyük uğurlar əldə edib və uğurların bir çoxu da mətbuat sahəsinə aiddir:
“Həm mətbuatın yaranması, təşəkkül tapması, inkişaf etməsi, demokratik cəmiyyət tələblərinə uyğun şəkildə formalaşması, onun qanunvericilik bazasının yaranması, qanunların aliliyinin təmin olunmasındakı iştirakı, həm gündəlik ictimai-siyasi durum dünyada, regionda, beynəlxalq aləmdə gedən proseslər, Azərbaycanın hədəfləri ilə bağlı mətbuatımız öz üzərinə düşən vəzifəni zaman-zaman müəyyənləşdirib, müəyyən vaxtda üzləşdiyi çətinlikləri dəf edib, çoxlu sayda mətbuat sahəsində tanıdılmış simalar, adlar Azərbaycan xalqına və dövlətinə bəxş edib, demokratik ənənələrin yaranmasında, qurulmasında özünəməxsus rol oynayıb”.
B. Muradova əlavə edib ki, hakimiyyətin bütün qanadlarında aparılan işin vahid bir məcrada əlaqələndirilməsi sahəsində də mətbuatın çox böyük rolu var:
“Biz yalnız birgə faydalı əməkdaşlıq nəticəsində daha effektli fəaliyyət göstərə bilərik”.
Mürtəza
Gununsesi.info