“Vaxtı ilə parlamentdə küçə söyüşünün söyülməsi halları olub. Həmin şəxslər də təbii ki, layiqli cəzalarını alıblar. Gələcəkdə də bu tipli addımların atılmasının qarşısını almaq üçün belə bir qanun layihəsinin hazırlanması zəruri idi”.
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən bir hakim vəzifəsindən kənarlaşdırılarsa və ya barəsində cəza tədbiri seçilirsə, ona hakimiyyətin bütün qanadları müdaxilə edir.
“Yəni, hakim ancaq cinayət cəzası törədən zaman vəzifəsindən kənarladırıla bilər. Və bu zaman onun cəzalandırlması ilə bağlı mexanizmə prezident, Ali Məhkəmə, Milli Məclis qarışır. Digər bir məqam, prezidenti də xalq seçir və Konstitusiyanın 107-ci maddəsinə əsasən ona impiçment elan olunan zaman yenə hakimiyyətin digər qolları iştirak edir. Konstitutsiya Məhkəməsi, Milli Məclis. Ancaq Milli Məclisin deputatı adı bir etik davranış qaydasını pozduğuna görə, sadə bir mexanizmlə mandatdan məhurm edilə bilir. Bu, yolverilməz haldır”- deyə, Q. Həsənquliyev vurğulayıb.
Millət vəkili deyib ki, Əmək Məcəlləsində hansısa bir fermerin və tikinti şirkəti rəhbərinin işçisinin işdən azad edilməsi mexanizmi deputatın mandatdan məhrum edilməsi mexanizmindən daha çətindir:
“İşçinin işdə yol verdiyi nöqsana görə, ilk olaraq töhmət verilməsi və bundan sonra daha ciddi tədbirlər görülməsi nəzərdə tutulur. Əgər altı ay müddətində həməi şəxs təkrar nöqsana yol verməyibsə, ona verilən töhmət avtomatik ləğv olunur. Amma deputat Milli Məclisin qərarı ilə sadə bir mexanizmlə mandatından məhurm edilir. Və burada hakimiyyətin digər qolları iştirak etmir. Bunun üçün ciddi prosedur qaydalar müəyən edilməlidir ki, deputat öz hüquqlarını müdafiə edə bilsin. Deputatın 5 il ərzində aldığı töhmət qüvvədə qalır. Əgər 3 dəfə pozarsa mandatdan məhrum edilir. Ona görə də deyirəm ki, xalq tərəfindən seçilən deputatın mandatdan məhrum edilməsi mexanizmi digər sahədə çalışan adi bir işçinin əmək intizamını pozduğuna görə, işindən azad olunmasından daha asandır”.
Millət vəkili təklif edib ki, deputatın mandatdan məhrum edilməsi üçün MM tərəfindən Ali Məhkəməyə müraciət olunsun və Ali Məhkəmənin rəyinə əsasən deputat mandatdan məhrum edilsin:
“ Bu da hər zaman yox, əgər deputat 6 ay ərzində ən azında iki dəfə etik davranış qaydasını kobud surətdə pozursa…
Əks təqdirdə, parlamentdə çoxluq təşkil edən partiya azlıqda olan şəxsi müəyyən bəhanələri əsas gətirərək mandatından məhrum edə bilər. Bu da parlamentin imicinə və çoxpartiyalılıq prinsipinə ciddi xələl gətirmiş olar”.
Məsələyə müdaxilə edən MM-in İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, millət vəkilinin məsuliyyəti adi işçinin məsuliyyəti ilə eyni deyil.
Q. Həsənquliyevin qaldırdığı məsələyə reaksiya verən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hakimin vəzifəsindən uzaqlaşdırılması mexanizmi ilə deputatın mandatdan məhrum edilməsi məsələsi tamamailə bir-birinə ziddiyət təşkil edən məsələdir:
“Ona görə də deputatın mandatdan məhrum edilməsi məsələsini Milli Məclis özü müəyyən etdiyindən, o da baxa bilir. Hakim isə ancaq davranış qaydalarını deyil, cinayət töprətdiyi halda hakimlikdən uzaqlaşdırıla bilər”.
Q. Həsənquliyev isə çıxışına davam edərək bildirib ki, bu, Konstitutsiyanın müddəalarının kobud surətdə pozulması faktıdır və Konstitusiyaya zidd hərəkətdir.
“Ona görə də “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna baxıb problemi aradan qaldırmaq lazımdır. Necə olur etik davranışa görə, yüngül və intizam məsuliyyəti daşıyan şəxs vəzifəsindən daha asan mexanizmlə işdən azad edilir, ancaq cinayət əməli törədən şəxsə isə hətta, ölkə başçısının müdaxiləsi lazım olur? Bu, anlaşılan deyil. Odur ki, bu anlaşılamzlıq aradan qaldırılmalıdır”– deyə, Q. Həsənquliyev sonda bildirib.
Mürtəza
Gununsesi.info